Bz. Okt 17th, 2021

Lerikli gənclərin 1 nömrəli sevimli məkanı olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin 24 sentyabrda 1 yaşı tamam olur.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin 24 sentyabr 2020-ci ildən etibarən fəaliyyət göstərir. Fəaliyyət başladığı müddətdən aktivliyi ilə seçilən Lerik nümayəndəliyi geridə qoyduğumuz 1 il ərzində rayon gənclərinin şəxsi və karyera, intellektual, fiziki, mənəvi inkişafını təmin etmək üçün bir neçə istiqamətdə layihələr həyata keçirmişdir.
Nümayəndəliyin fəaliyyətə başladığı ilk zamanlar Vətən müharibəsi dövrünə təsadüf edir. Elə buna görə də, vətənpərvərlik istiqaməti üzrə fəaliyyətlər çoxluq təşkil edir. Müharibədə iştirak edən şəxslər gənclərlə görüşmüş, öz döyüş yolları barədə gənclərə məlumat vermişdi. Şəhid ailələri ilə görüş, cəbhəyə yardım aksiyaları da nümayəndəliyin müharibə dövrünə aid olan fəaliyyətlərindəndir.
Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü münasibətilə GİKM-ın Lerik nümayəndəliyində silsilə tədbirlər baş tutub. Gənclər arasında H.Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa müsabiqəsi keçirilib. H.Əliyev mərkəzində yerləşən H.Əliyev muzeyinə ekskursiya təşkil olunub, məktəblilər H. Əliyevə aid fotoşəkillərlə tanış olublar.
Gənclərin uğurlu peşə seçiminə, inkişaflarına yardım etmək məqsədilə GİKM Lerik nümayəndəliyində vaxtaşırı müxtəlif mövzulu vebinar və təlimlər keçirilir. Peşəkar təlimçilərin iştirakı ilə baş tutan vebinar və təlimlər erkən nikah, gender bərabərliyi, narkotik, biznesin düzgün şəkildə qurulması, uğurlu karyera mövzularını əhatə edir.
GİKM-ın Lerik nümayəndəliyində müxtəlif klublar fəaliyyət göstərir. Eko klub, intellektual oyunlar klubu, kitab klubu, vətənpərvərlik klubu, sosial fəaliyyətlər klubu və idman klubu-bunların hər biri rayon gənclərinin öz vaxtından düzgün, səmərəli, əyləncəli şəkildə istifadə etməsinə şərait yaradır. Klubların fəaliyyəti gəncləri sosial həyatla tanış olmasına həm də qrup fəaliyyətlərində aktiv iştiraka sövq edir.
GİKM-ın Lerik nümayəndəliyi təkcə maarifləndirmə ilə yanaşı gənclərin əylənməsinə də şərait yaradır. “Open air cinema” gənclər üçün əvəzolunmaz əyləncədir.
GİKM-ın Lerik nümayəndəliyi ucqar kəndlərdə yaşayan gəncləri də unutmur. Mütaliəyə olan marağı artırmaq üçün ucqar kəndlərdə kitab guşələri yaradılır. Guşə rayon gənclərinin bağışladığı kitablarla zənginləşir. Elə bu istiqamətdə görülən işlərdən biri də “Ədiblərimiz” layihəsi çərçivəsində lerikli yazar Elbrus Kəlbiyevlə görüş olub.
“Uğurunu paylaş”, “Qonağımız var” layihələri əsasında xaricdə təhsil alan və fəaliyyət göstərən lerikli gənclərlə görüş keçirilib. Bu görüşlərdə gənclərimiz xaricdə təhsil, yaşayış və iş imkanları haqqında olan suallarına cavab tapa biliblər.
“ART mən” layihəsi isə rəssamlığa marağı olan gənclər üçün nəzərdə tutulub.
Gənclər GİKM-ınLerik nümayəndəliyində təcrübəçi olaraq 3 ay müddətində təcrübə keçirlər. Təcrübə müddətində gənclərə layihələrin hazırlanması, komanda ilə iş istiqamətində bacarıqlar aşılanır. Həmçinin onlara müxtəlif təşəbbüslərlə çıxış etmək imkanı yaradılır. 3 ayın sonunda fəal fəaliyyət göstərən gənclər sertifikatla təltif edilir.
GİKM-ın Lerik nümayəndəliyinin facebook və instagram sosial şəbəkələrində olan səhifələri aktiv fəaliyyət göstərir.


Qumral Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir