Ça. Sen 28th, 2021

Həmkar

Zaman və dövrdən asılı olmayaraq cəmiyyətin hər mərhələsində aparıcı qüvvə gənclər olub, çünki bəşəriyyətin tərəqqisi onların çiyinlərindədi. Daima gəncləri nəzərində saxlayan, onlar üçün geniş. İmkanlar yaradan Ulu Öndər Heydər Əliyev deyirdi ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidi. İllər öncə millət təəssübkeşi Heydər Əliyevin dediyi bu sözləri Azərbaycan gənci kim olduğunu cəmi 44 gün ərzində dünyaya sübut etdi. Söhbəti gənclərdən elə-belə salmadım.

Hər sahədə olduğu kimi bu gün Azərbaycan mətbuatının da gələcəyi gənclərin əlindədi. Hamıya şamil olunmasa da, mətbuatda, televiziya, radioda savadlı, sözünü deyə bilən, qərəzsiz, özünə dəyər verən, peşəsini uca tutan, Kütləvi İnformasiya Vasitələrinin müxtəlif sahəsində əlində qələm inamla yürüyən gənc yazarlarımız var və düşündüm ki, nədən onlarla da bir həmkar söhbəti etməyək. Əslində fikrimdə neçə müddət idi tədbirlərdə rastlaşdığım, görünüşü, davranışı, rəftarı, nəzakəti ilə diqqət çəkən bir gənc vardı. Onunla xeyriyyəçilik işlərindən usanmaq bilməyən “Qafqaz-Media” İctimai Birliyinin dəvət aldığım tədbirlərində rastlaşırdım. İstəyimi birliyin sədri Azadə Talehə bildirəndə, haqqında eşitdiklərim görüşüb söhbətləşməyimizə bir təkan oldu və istədim ki, onu “Həmkar”ın oxucuları da tanısın. Rubrikamızın ilk gənc həmkar müsahibi QafqazMedia.az və AzTac.az saytlarının rəhbəri və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mirdamət Əzizovdur.

MƏN

İmişli rayonun Məzrəli kəndində 1989-cu ilin baharında seyid ailəsində anadan olmuşam. 2006-cı ildə şəhid Rəfail Əliyev adına Məzrəli kənd orta məktəbini, 2010-cu ildə Bakı Asiya Universitetinin iqtisadiyyat fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişəm. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif sahələrdə iqtisadçı olaraq çalışmışam. Lakin məktəb illərində jurnalistikaya olan həvəsim və marağım dayanmadan artdığından, ikinci təhsil kimi 2013-cü ildə Mədəniyyət Nazirliyinin Sumqayıt Mədəniyyət Evinin Ə.Kərim adına Poeziya Klubunda ikiillik jurnalistika kursunu başa vurdum və indi özümü millətimə, xalqıma, dövlətimə tam yararlı bir mütəxəssis kimi hiss edirəm. Hazırda bir iqtisadçı kimi əmlak məsələləri sahəsində çalışmaqla yanaşı, bir gənc jurnalist kimi QafqazMedia.az, AzTac.az saytlarının rəhbəri və baş redaktoruyam. Hər iki sahədə dövlət və dövlətçiliyimizin maraqlarını həmişə uca tutub xalqıma layiqli, xeyirli övlad olmaq naminə var gücümlə çalışıram, çünki Azərbaycanın varlığı biz gənclərin əməllərindən keçir.

OCAQ

Kökümüz nəcim seyid oçağına bağlıdı. Atam Mirəziz Əzizov ixtisasca aqronom, anam Nahidə Əzizova evdar xanımdır. Mənəvi dəyərlərə böyük önəm verilən və çox yüksək tutulan bir aildə böyümüşəm. Valideynlərimin əsas qayəsi təhsil olub və biz ailədə olan üç uşaqdan yalnız oxumaq tələb edilib. Günümüzün əsas hissəsi dərsliklərin arxasında keçib, digər yaşıdlarım kimi sərbəstliyim çox olmayıb. Yadımdadı, atam qarşıma kitab qoyub müəyyən etdiyi hissəni o işdən qayıdana kimi oxumağı tapşırardı. Vay o gündən ki, onun tapşırığını çatdırmamış olaydım, mütləq cəzalanardım. O zaman atamın hərəkətlərini dərinliyə qədər anlamazdım, hardasa inciyərdim, amma indi görürəm ki, valideynlərim nə qədər düzgün yol tutublarmış, onlara bir ömür borclu və minnətdaram. Qardaşım iqtisadçı, bacım tibb sahəsində çalışır. Cəmiyyətdə tutduğumuz mövqeyimizi valideynlərimin sayəsində qazanmışıq.

YOL

Kiçik yaşlarımdan jurnalistika məni maraqlandırıb desəm, doğru olar. Mənə ən maraqlı müxtəlif sahələrin tanınmış insanlarından alınan müsahibələr olub. Böyük həvəslə izləyirdim verilişləri. Jurnalistlərin həyat tərzi hədsiz maraqlı gəlirdi mənə, xüsusən də Ulu Öndərin qarşısında mikrofon tutub ona sual ünvanlayanlara yaxşı mənada həsəd aparırdım. Özüm böyüdükcə, bu arzu da mənimlə bərabər böyüdü. Sonda gördüm ki, istəyimə qarşı gedə bilmirəm və ikinci təhsil olaraq jurnalistikaya yiyələndim. Artıq müəyyən bir həddə qədər gəlib çatmışam və bundan sonra sırf bu sahə üzrə uğurlara imza atmağa çox niyyətliyəm. Mən dövlətimə çox bağlı bir insanam və ilk qələmə aldığım yazı prezidentimizin iqtisadi islahatlarla bağlı qərarı haqqında məqaləm olub. Sosial şəbəkədə paylaşandan sonra baxış sayının çoxluğu məndə bir inam hissi yaratdı, arzuladığım yolun axarına düşdüm və tapdığım qələmlə dostluğumuz beləcə başladı. Rəhbərlik etdiyim saytlar dövlətçiliyimizə xidmət edir. Bütün prosesləri diqqətlə izləyib oxucuların ixtiyarına veririk. Bizim işimizdə kənar məlumatlar, informasiyalar araşdırılmazsa, saytda yer ala bilməz, çünki dəqiqlik jurnalistikanın əsas prinsipidi.

JURNALİST

Heç də asan peşə deyil jurnalistika, çünki yalnız həqiqətə, düzlüyə söykənən bir yolla yürüməlidi bu sənətin sahibi. Jurnalist əlinə keçən ən kiçik faktı belə, araşdırmadan təqdim edə bilməz. Bəzən kiçik hesab edilən bir faktın arxasından elə ciddi və həlli çox vacib məsələlər ortaya çıxır ki, bunu da yalnız savadlı, peşəkar jurnalist araşdırması çözə bilir. Mənim nəzərimdə jurnalist şəxsiyyətdi. Jurnalistdə olan informasiya bolluğu heç bir peşə sahibində yoxdu. Jurnalist bütün sahələri əhatə edən peşə sahibidi. Bu cəhətdən jurnalist o qədər biliyə, savada, dünyagörüşünə malik olmalıdı ki, qələmindən çıxan nə varsa, ona utanc gətirməsin. Və buna görə də jurnalist bütün sahələr üzrə əhatəli məlumata malik olmağa borcludu. Özünə jurnalist deyən kəs peşəsinə bir maraq naminə baxırsa, düşünürəm ki, o öz yolunu tapa bilməyib. Jurnalistin bir yolu var – obyektivlik. Qarşısında iki tərəf varsa, o, yalnız düzün yanında olmalıdı. Hansısa bir maraq, təklif müqabilində haqqa göz yumub, qaraya ağ deyə bilənə jurnalist demək günahdı. Jurnalistin qələmi bir silahdı və o silahdan çıxan söz yıxıb-dağıdan, məhv edən bir güllə olmamalıdı. O güllə yalnız düşmənə tuşlana bilər, o da düşünülmüş və ağıllı söz savaşı ilə. Bu yaxınlarda Azərbaycan mətbuatının 146 yaşı tamam oldu. Bu zaman kəsiyindən nə qədər şəxsiyyətlər keçib və bu günə qədər bu mətbuatı ucaldan peşəkarlarımız, veteran jurnalistlərimiz var. Bizim onlardan öyrənəcəyimiz çoxdu. Amma bəzən bunu özünə yaraşdırmayıb, dövrün, zəmanənin nəbzini tutmaq lazımdı deyənləri görəndə, içimdəki təəssüf hissini boğa bilmirəm. İnkişaf, tərəqqi hər bir dövrdə olub və olacaq. Lakin onu keçmişin yaxşısı üzərində quranda, nəticə daha yüksək olur ki, bu da bizim dəyərlərimizin yaşaması deməkdi. Biz zəngin mənəviyyatı, milli-mənəvi dəyərləri, ən əsas öz mentaliteti olan bir millətik və kim oluruqsa olaq, bunları unutmağa haqqımız yoxdu.

MEDİA

Bu gün Azərbaycanda kütləvi informasiya vasitələri üçün hər cür şərait yaradılıb. Demokratik cəmiyyət, söz azadlığı, sərbəst fikir mübadiləsi, polemika – hər şey var. Təəssüf ki, bunlardan sui-istifadə edənlər də az deyil. Biz texnologiya əsrində yaşayırıq. Sosial şəbəkələr həyatımıza elə nüfuz edib ki, artıq yaşam tərzimizə çevrilib. Bunun müsbət olduğu qədər mənfi tərəfləri də çoxdu. Bu da məni narahat edir. Bir sayt, bir portal yaradaraq adını “jurnalist” qoyanların sayı xeyli artıb. Əlinə bir telefon alıb istənilən eybəcərliyi çəkib onu ağlı kəsən kimi şərh etmək media deyil. Mənəviyyata, əxlaqa zidd informasiyaların ardına düşüb tələsik onu yaymaq media deyil. İnsanların şəxsi həyatını gündəmə gətirmək, bu kimi hallarla onları təhdid etmək media deyil. Və ən acınacaqlı odur ki, bu cür informasiyalar sarı mətbuatın yayılmasına və oxucu sayının artmasına gətirib çıxarır. Heç vaxt unutmaq olmaz ki, biz qərb deyilik. Nə qədər dünyaya inteqrasiya etsək də, bizim Azərbaycan kimi uca bir adımız, tariximiz, dərin köklərimiz, bu köklərə bağlılığımız var. Nə qədər Azərbaycan var, bütün bu dəyərlər yaşayacaq. Bu dəyərləri ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva dünyanın hansı nöqtəsində olublarsa, həmişə uca tutaraq, onları təbliğ etməkdən qürur duyublar. Kütləvi informasiya vasitələri sahəsindən asılı olmayaraq, bu xətt üzrə getməyi vicdan borcu bilməlidi. Əgər bu gün mediaya mənasız, qərəzli, təmənnalı, maraq güdülən yazılar ayaq açıbsa, bu həm senzuranın yoxluğundan sui-istifadədi, həm jurnalist adına yamaq olanların səviyyəsidi. Azad, suveren, demokratik bir ölkənin vətəndaşı, eyni zamanda jurnalistikanı sevən və peşəsinə bağlı biri kimi Həsən bəy Zərdabidən bizə miras qalan Azərbaycan mətbuatını “düzü düz, əyrini əyri” kimi yazan qələm sahiblərilə həmişə zirvələrdə görmək istərdim. Elə yazıb-yaradaq ki, həm örnək olaq, həm izimiz qalsın, həm də yaxşılardan öyrəndiklərimizi öyrədə bilək.

VƏTƏN

Vətən ilk və son məkandı. Vətən tarixin daşlaşmış yaddaşıdı, uzaq qərinələrin ayaq səsidi. Vətən ulularımızın əmanəti, babalarımızın öyüd-nəsihəti, nənələrimizin xeyir-duasıdı. Yorulanda dinclik, sevinəndə təravət bəxş edən, kədərlənəndə göz yaşını siləndi Vətən. Harada olsan, səni hər an gözləyən, qoynunda yer verən ocaqdı Vətən.

HƏMKAR

Mən seyid ailəsində doğulduğumdan, böyüdüyüm mühit tam fərqli olub və bu gün bundan xeyli məmnunam. Çünki körpəlikdən mənə aşılanan milli-mənəvi dəyərlərin nəticəsini indi dərk edib anlayanda, özümü çox xoşbəxt sanıram. Məktəb illərində çox fəal və aktiv bir şagird kimi tanınmışam. Sınaq imtahanlarında həmişə topladığım yüksək balla qürur duymuşam. 7-8-ci siniflərdə oxuyanda Amerikanın “Uşaqları qoruyaq” adlı bir təşkilatı vardı. Bu təşkilat Azərbaycana gəlmişdi. Oxuduğum məktəbdə məcburi köçkünlər, qaçqınlar məskunlaşmışdı. Dərslərimizi UNICEF-in tikdirdiyi bir neçə otaqlı məkanlarda keçirdik. O müddətdə “Uşaqları qoruyaq” təşkilatının ən aktiv üzvü idim və bu fəallığım sertifikatla mükafatlandırılmışdı. Daha sonra ADRA təşkilatının üzvü olaraq, kursları bitirib ikiillik layihədə iştirak etmişəm. Və bütün bunlar ictimaiyyət üçün yetişməyimdə mənə böyük kömək olub. Mən bu gün özümü çox şanslı bir insan sanıram. İçində doğularaq böyüdüyüm və böyüyərək də dərk etdiyim Qarabağ münaqişəsinin qələbəsini yaşadım. Bu münaqişə mənə haqla nahaqqı ayırd etməkdə yardımçı oldu, Vətən məhəbbəti kimi ali bir hissi aşıladı. Mən Qarabağı yalnız nənə-babalarının söhbətlərindən tanıyan körpələrin bir cəngavərə çevrilərək o torpaqları bir göz qırpımında azad etdiyinin şahidi olub o hissləri yaşadım. Şanslıyam ona görə ki, sevdiyim peşə ilə dövlətimin, dövlətçiliyimizin xidmətindəyəm. Dövlətimin mənim üçün yaratdığı şəraitdən onun mənafeyi naminə yararlana bilirəm. Və ən nəhayət imzalar içində imzası olan bir millətin oğlu və gücünü dünyaya bəyan edən Azərbaycan adlı bir dövlətin alnıaçıq vətəndaşıyam. Düşünürəm ki yaşadığım bu zaman kəsiyi üçün öyünməyə haqqım var. Gənc həmkarlarıma isə demək istərdim ki, sağa-sola baxmadan, gəlin birlik olub Azərbaycan naminə yalnız irəliyə doğru yol alaq ki, bu torpağın üstündə rahat addımlaya bilək.

QIRX DÖRD GÜN

Hərbi xidmətim dövründə NATO qiymətləndirmə Azərbaycana gəlmişdi və mən orada iştirak etdim. 2010-cu ildə sülhməramlı qüvvələrin təlimində iştirak etmək üçün Rumıniyaya yollandıq. Bizdən əvvəl üzdəniraq “qonşularımız” orada təlim keçirdi və iki gündən sonra qayıtmalı idilər. Bizi yerləşdirəndə onlarla aramızda qısa bir məsafə qaldı. Bundan istifadə edib bizə atmacalar atmağa başladılar. Onların nəzərində o zaman çox zəif, bacarıqsız biriləri idik. Və bu kinayə orada kiçik bir insident yaratdı. Mən o zaman dərk elədim ki, Qarabağ probleminin bizim üz qaramız kimi qalmağına imkan vermək olmaz. 30 ildən sonra Ulu Öndərin başladığı siyasəti Ali Baş Komandan qırx dörd günə həll etdi. Bu zamanı tarixə Azərbaycan yaza bildi. İndi mən əgər sağ qalıblarsa, 11 il əvvəl bizi məsxərəyə qoyan o zavallıların üzünü çox görmək istərdim. Ali Baş Komandan dəfələrlə onlara şərait yaratsa da, havadarlarına söykənən bu binəvalar çox arxayın və əmin idlər. Bu da son… Çox itkilərimiz, şəhidlərimiz olsa da, onlar qanlarını: “Torpaq, üstündə ölən varsa, Vətəndir” deyib axıtdılar. Bu xalqın tarixində, millətin yaddaşında yaşayacaq şəhidlərimizin ruhu qarşısında baş əyir, yoxluğunuza varlığımızı borcluyuq deyirəm və ehtiyatda olan zabit kimi Vətən uğrunda istənilən çağırışa hazıram.

SÖZ ARDI

Etiraf edim ki, gənc həmkarla söhbətləşməyin xüsusi ləzzəti varmış. Mirdaməti dinlədikcə, anladım ki, bu gün bizim həqiqətən öyünə biləcəyimiz gəncliyimiz var. Ölkə başçısının dediyi kimi: “Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir” və bu fikir təsdiqini tapıb. Bir neçə gün əvvəl yeni bir Azərbaycan ailəsinin təməlini qoyan gənc həmkarıma xoş arzularla yanaşı, mənalı, zəngin bir yaradıcılıq yolu diləyirəm.

Tamilla TEYMURQIZI.

Qafqazmedia.Az

By Aygün Məmmədova

Azərbaycan Jurnalistlər birliyinin üzvü AzTac.Az, AzTac.TV - nin Baş redaktor müavini "Qafqaz Media" İctimai Birliyinin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir