Şb. Noy 27th, 2021

II Dünya müharibəsinin bitməsinə az qalmış uzun illər ərzində Böyük Britaniyanın müstəmləkəsi olmuş Hindistanda milli-azadlıq hərəkatı daha da genişlənməyə başladı. II Dünya müharibəsindən böyük itkilərlə çıxan Böyük Britaniya məcbur olub Hindistana dominion hüququ verdi. 15 avqust 1945-ci ildə Cəvahirləl Nehru Qərb dövlətlərinin, xüsusilə də Böyük Britaniyanın uzun illər koloniyası olmuş xalqlar öz müstəqillikləri uğrunda mübarizəyə başladılar. Böyük Britaniya müstəmləkəsi altında olan torpaqları yavaş-yavaş itirməyə başlamışdı. İngilislərin belə koloniyalarından biri də Hindistan idi. İngilislər uzun illər ərzində müstəmləkələri altında saxladıqları Hindistanın zəif nöqtəsini bilirdilər. İngilislər yaxşı anlayırdılar ki, Hindistan partlamağa hazır bomba kimidir. Orada hər an dini yaxud etnik zəmində konflikt yaratmaq mümkündür. Şübhəsiz ki, belə də oldu.
15 avqust 1947-ci ildə Hindistan ərazisində əksəriyyəti hissəsi hinduların yaşadığı hind yarımadasının mərkəz, şimal və cənubunda müstəqil Hindistan dövləti yaradıldı. Hind yarımadasının şimal-qərb və cənub-şərq hissələrində iki hissədən ibarət olan və tək mərkəzdən idarə olunan Qərbi və Şərqi müstəqil Pakistan dövləti yaradıldı. Yarandığı ilk vaxtlardan Hindistan və Pakistan arasında daima ərazi və etnik münaqişə mövcud olmuşdur. Hər iki dövlət bir-birinə daima ərazi iddialarında olublar və bu iddia bu gün də qalmaqdadır. Təbii ki, bu ingilis siyasətinin düşünülmüş və məqsədli planıdır. Hindistan və Pakistan müstəqil olan zaman ingilslər Kəşmirin hansı dövlətə birləşməsi məsələsini yerli əhalinin öz ixtiyarına buraxdı. Bun görə də 1947,1965 və 1999-cu illərdə Hindistan və Pakistan arasında üç dəfə müharibə baş verdi. Nəzərə almaq lazımdır ki, 1947-ci ildə Hindistan və Pakistan müstəqil dövlətlər olduğu zaman 12 milyondan artıq əhalinin yaşadığı Kəşmir vilayətinin əhalisinin 90%-ə qədəri müsəlmanlardan ibarət idi. Tərəflər arasında birinci müharibə 1 yanvar 1949-cu ildə BMT TŞ-nın vasitəçiliyi ilə dayandırıldı. Kəşmirin 60%-i Hindistanın, 40%-i Pakistanın nəzarətinə keçdi. İkinci müharibədə isə SSRİ-nin fəal vasitəçiliyi ilə 1966-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə bəyannamə imzalandı.
1971-ci ildə Hindistan Qərbi Pakistandan ayrılan Şərqi Pakistana ordu yeritdi və Banqladeş dövləti yarandı. Hindistan və Pakistan arasında kəşmir məsələsi təkçə 1947,1965 və 1999-cu il müharibələri ilə yekunlaşmayıb. Tərəflər arasında Kəşmir məsələsinə görə 1987,1988 və 1997-ci illərdə də şiddətli və qanlı toqquşmalar baş vermişdir.
Regiondakı vəziyyəti diqqətlə incələdikdə bir neçə maraqlı və lazımi sual yaranır: Hindistan və Pakistan arasındakı mühribələrin nəticəsi olaraq tərəflər nə əldə etdilər? Bu münaqişədə kim haqlıdır? Münaqişənin tam həlli mümkündürmü? Öncə ondan başlayaq ki, 74 il ərzində tərəflər sürətlə silahlanmağa və qarşı tərəfə aqressiya göstərməyə çalışıblar. 1974-cü ildə kod adı “Smiling Buddha” olan nüvə silahını Hindistan və 1998-ci ildə kod adı “Chagai-I” olan nüvə silahını Pakistan sınaqdan keçirdi. Beləliklə müharibə vəziyyətində olan hər iki dövlət nüvə dövləti oldular və regionda vəziyyət daha da təhlükəli hal almağa başladı. Bu münaqişədə kimin haqlı olduğuna gəlincə, burada BMT qanunlarını əsas götürsək və əhalinin tərkibini nəzərə alsaq, Pakistan məsələnin haqlı tərəfi hesab olunur. Ona görə ki, burada yaşayan əhalinin mütləq əksəriyyəti müsəlmanlardan ibarətdir və həmin əhali Pakitanın tərkibinə qatılmaq istəyir. Nəhayət, münaqişənin həlli perspektivi haqqında düşünsək, bu məsələnin indiki halda həlli real görünmür. Ona görə ki, tərəflər bir-birinə güzəştə getmək niyyətində deyillər.
İndiki halda həm Hindistan, həm də Pakistanla Azərbaycan arasında yaxşı münasibətlər mövcuddur. Hindistan Azərbaycan üçün önəmli iqtisadi tərəfdaşdır. 2019-cu ilin statistikasına nəzər salsaq, Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi 1,1 milyard dollara qədərdir. Hindistan Azərbaycan xam neftinin əsas alıcılarındandır. Pakistan ilə Azərbaycan arasında əzəli və əbədi dostluq və qardaşlıq münasibətləri mövcuddur. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Pakistan oldu(13 dekabr 1991-ci ildə). 1993-1994-cü illərdə Pakistan BMT-nin qeyri-daimi üzvü olduğu zaman Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqqında BMT-də qətnamələrin qəbul ediləmsində xüsusi rol oynamışdır. Bu gün Azərbaycanın həm Hindistan, həm də Pakistanla münasibətləri tərəflər üçün məqbul hesab olunur.

Samir Hümbətov, “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi eksperti.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir