“İslam ölkələrinin mediası Qarabağı daha geniş işıqlandırmalıdır”

“İslam ölkələrinin mediası Qarabağı daha geniş işıqlandırmalıdır”

04.05.2016, 19:53 | 417 dəfə oxunulub. 12 14 16 18
“İslam ölkələrinin mediası Qarabağı daha geniş işıqlandırmalıdır”

Ramil Məmmədli: “Avropa mediası erməniləri xristian həmrəyliyindən irəli gələn təəssübü ilə yerli-yersiz müdafiə edir”

Aprel ayında müharibədən sonra cəbhə bölgəsinə xarici jurnalistlərin səfəri təşkil edildi. Onların arasında dünyada kifayət qədər tanınmış media nümayəndələri var idi. Görəsən belə addımlar nə qədər effektivdir? FaktXeber.com məsələ ilə əlaqədar hərbi icmalçı Ramil Məmmədlidən münasibət öyrənib.

Ekspert bildirdi ki, aprelin 2-də baş verən hadisələrdən sonra müharibənin təkcə cəbhədə, döyüş meydanında deyil, informasiya sektorunda da aparılmalı olduğuna əminlik yarandı: “Özü də çox ciddi şəkildə. Çünki 170 il bir yerdə yaşadığımız, bir çox proseslərdə birlikdə iştirak etdiyimiz, II Dünya müharibəsində çiyin-çiyinə döyüşdüyümüz Rusiyanın mətbuatında bir çoxları Azərbaycanın ədalətli mövqeyini ayaq altına alan informasiyalara yer ayırdı, hətta siyasi tok-şoularda belə, biz bunların şahidi olduq. Dünya mətbuatında da separatçılar “Dağlıq Qarabağ Respublikası” kimi, Bako Saakyan isə prezident kimi təqdim edildi və sair. Yəni Avropanın və dünyanın sosial-ictimai rəyə təsir göstərən media qurumlarının nümayəndələrinin cəbhə bölgəsinə səfər etməsi, Azərbaycanın bu münaqişədə zərərçəkən tərəf kimi göstərilməsi və bunun həmin qurumun səhifələrində yer almasına şərait yaradılması çox mühüm məsələdir. Hesab edirəm ki, bu proses davam etdirilməlidir, ilk və son olmamalıdır.”

Hərbi icmalçı bir çox yerli media nümayəndələrinin də orada iştirak etdiyini vurğuladı: “Hətta xarici rusdilli və ingilisdilli informasiyalar yayan yerli mətbuat orqanlarının əməkdaşları da olub. Bundan başqa televiziyaların Qarabağ üzrə bölgə müxbirləri də çəkilişlərdə iştirak edib.”

Ramil Məmmədli qeyd etdi ki, bu həm də bizim informasiya müharibəsində üstünlüyümüzlə nəticələnə bilər: “Hətta bunun davamı olaraq Azərbaycanda müharibə və media ilə bağlı beynəlxalq elmi konfrans keçirilməlidir. Dünyanın müharibə bölgələrində daim işləyən media qurumların rəhbərləri həmin tədbirə dəvət olunmalıdır. Onların cəbhə bölgəsində reportaj hazırlanmasına və zərərçəkən tərəflə – bizim yaşayış məntəqəsində olmalarına şərait yaradılmalıdır.”

Ekspert hesab etdiyini bildirdi ki, Azərbaycan hökumətinin bu məsələdə mövqeyi təqdir olunasıdır, amma yaxşı olardı ki, bu proses davam etdirilsin: “Ermənistan mətbuatı uzun illərdir bu prosesi həyata keçirir, daim xarici media ilə çalışırlar.”

“Biz informasiya müharibəsində Ermənistanın imkanlarından geri qalmışıq”, - deyən Ramil Məmmədli buna əsas səbəb kimi qarşı tərəfin dini amildən, məzhəbçilikdən istifadə etməsini göstərdi: “Yəni dünya və Avropa mediası erməniləri xristian həmrəyliyindən irəli gələn təəssübü ilə yerli-yersiz müdafiə edir. İstərdim ki, İslam ölkələrinin, müsəlmanların kompakt yaşadığı yerlərin media qurumları bu münaqişədə öz səhifələrində Azərbaycanla bağlı daha geniş yer versinlər, daha geniş işıqlandırsınlar.”

“Bu məsələdə bizim də təşəbbüsümüz olmalıdır, ancaq etiraf edək ki, Azərbaycan bu məsələdə heç də geri qalmır, müsəlman ölkələrində baş verən proseslərə daim müsəlman təəssübkeşliyindən yanaşıb. İstərdim ki, həmin ölkələrin də mətbuat qurumları bu münaqişədə bizim ədalətli mövqeyimizin tərəfini saxlasınlar, dəstəkləsinlər”, - deyə müsahib sözlərini yekunlaşdırdı.


Faktxeber.com

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın