Cəsarət nədir ?

Cəsarət nədir ?

09.08.2017, 21:35 | 206 dəfə oxunulub. 12 14 16 18
Cəsarət nədir ?

Cəsarət nədir ?

Qumsalda çınqıl toplayan uşaqlar kimiyik.

Əgər mən dostlarımdan bir az daha rəngli

və fərqli daşlar toplaya bildimsə,

bunun səbəbi dizlərimə qədər suya girmə

cəsarətimi göstərə bilməyimdir.

Nyuton

Dünya ədəbiyyatında ən çox işlənən mövzu cəsarət və eşqdir desək yanılmarıq. Elə bu iki amilin daha çox islənməsi duyğu və düşüncələrimizə daha çox xitab etməsinin göstəricisidir.

Cəsarət bir çox ölkələrdə mükafatlandırılan xüsusiyyət olmaqda davam edir. Bəs cəsarəti bu qədər önəmli edən nədir? Yaşamımızda çox önəmli olan cəsarəti necə bəlli edə bilərik? Tanımağa cəhd etdikcə qarmaqarışıq fikirlərlə də qarşılaşa biləcəyimizi nəzərə almalıyıq. Tarixdə edilən ən geniş araşdırma Platonun Lakhes dialoqunda qeyd etdiyi Sokratın apardığı gözəl və özünəməxsus dialoqdur. Belə ki, Sokrat “Sınanmamış yaşam, yaşamağa dəyməz” düşüncəsi ilə cəsarəti fəzilətin bir parçası olaraq görürdü. Onu nəyinsə tərkibində, dar mənada təqdim etməyə qarşı çıxıran Sokrat cəsarəti ağıl və mətanətin vəhdəti olaraq ön plana çəkirdi. O, cəsarətdə hətta bu özəllikləri belə görürdü :

- Cəsarət fiziki olduğu qədər əxlaqidir.

- Doğru cəsarət bilikdən, elmdən ayrılmaz.

- Təbii bir instinktə malikdir.

Cəsarətin ürək tələb etdiyini hamımız bilirik. Elə təsadüfi deyil ki, “Cəsarət” sözü latıncadan tərcümədə ürək deməkdir, bu sözün ingiliscə qarşılığı “courage” (fransızca ürək) –dir. Varren Benis de cəsarətin təkcə məntiq çərçivəsinə salmağa qarşı çıxmışdır, elə buna görə də cəsur ola bilməyi ürəyimizdən gələn səslə həyata keçirə biləcəyimizi vurğulamışdır.

Cəsarət acı, təhlükə və ya qeyri müəyyənlik şəklində ortaya çıxan qorxu ilə üzləşmə qabiliyyətidir. Aristotel Platondan fərqli olaraq cəsarətə daha dar mənada yanaşmışdır.

Cəsarətin düsturunun nədən ibarət olduğunu birmənalı demək olmaz. Çünki bu nəinki ölkədən ölkəyə, millətdən millətə, hətta insandan insana da dəyişir. Bəziləri cəsarəti qorxunun olmaması ilə əlaqələndirərkən, əksəriyyəti cəsarətin qorxu ilə ortaya çıxdığını vurğulamaqdadır. Cəsarət qorxunu hiss edib onunla mübarizə aparmaqdır.

Cəsarət insanın doğru olan şeyi hər yerdə və hər zaman qorxmadan və çəkinmədən etməsi və ya söyləməsi anlamına da gəlir. Yalnız burda əsas olan fərdin qorxmaması deyil, qorxuya qapılmaması və qorxuya rəğmən doğru olanı etməsidir. Cəsarət qorxunu yönləndirmək bacarığıdır, qorxunu inkar etmək, görməzlikdən gəlmək istədiyimiz nəticəni verməyəcək.

Qorxu bir əmrdir, cəsur olmaq əmri, qazanmaq və ya itirmək astanasında olmağımızın əmri, diqqətli davranmağımızın əmri, başqalarına təsir etmək əmri, ən əsası isə doğru olan nə isə etmək əmri.

Cəsarət bəyənilən və gözlənilən davranış olsa da, cəsarətdə özünü göstərmək bəyənilmir. Sırf cəsarət göstərmək üçün cəsur olunmaz. Bu sadəcə fərdin qarşısındakı insanın və ya kütlənin

diqqətini öz üzərinə çəkmək, ona lazım olan məqsədə çatmaq üçün bir süni vasitəddir. Cəsarət təbiidir, cəsarətin başlanğıcında fədakarlıq və sonunda başqalarına fayda var. Güclü bir xarakter insanın sahib olacağı ən böyük özəllik olduğu üçün, cəsarətə çəkilən “əziyyət” elə birbaşa xarakterdə nəticə verəcək. Cəsarət insana yalnız çətin anlarda gələn ilham kimi bir şey deyil, cəsarət xarakterin ən önəmli parçası olub, gündəlik həyatımızda detallarda belə göstərəbiləcəyimiz bir vərdişdir.

Cəsarət insan üçün özünü itirməyə səbəb olan bir fanatizm deyil, cəsarət insanın özünə varması, özünü tanıması, özünü tapması, özünə inanmasıdır. İnsan öz bacarıqlarını yaxşı tanıyırsa, uğurlu olacağına inanır və hədəfinə çatmaq üçün cəsarətlə yola çıxar. Özünü tanımayan biri isə harada nəyi bacara biləcəyini bilmədiyi üçün çəkinər və cəsarətini toplamaqda çətinlik çəkər.

Daha doğru, rahat, xoşbəxt yaşamaq istəyirsizsə sevin və cəsarətli olun.

"Loqos"un Gəncə filialının psixoloqu Taciyyə Mehdisoy.

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın