Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Buenos-Ayresdə konsert təşkil edilib

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Buenos-Ayresdə konsert təşkil edilib

12.09.2018, 01:58 | 9 dəfə oxunulub. 12 14 16 18

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ölkəmizin Argentinadakı səfirliyinin dəstəyi ilə Buenos-Ayresdə caz gecəsi keçirilib.
Konsert İtaliya arxitekturasının əzəmətli nümunələrindən biri və əsas musiqi mərkəzi olan Usina Del Artenin səhnəsində təşkil edilib.
Konsertdə Latın Amerikası turu çərçivəsində Azərbaycanın Əməkdar artisti, 43-cü Montrö Caz Festivalının qalibi, pianoçu və bəstəkar İsfar Sarabski və qrupu, o cümlədən tarzən Şəhriyar İmanov çıxış ediblər.
İ.Sarabskinin pianoda “Prelude”, “Limping Stranger”, “Planet” (İ.Sarabski), “Swan Lake” (P.Çaykovski), “Be Witched” (R.Rocers) əsərlərini möhtəşəm və əsrarəngiz ifa etməsi auditoriya tərəfindən alqışlarla qarşılanıb.
Daha sonra Ş.İmanov tarda muğam və müasir musiqinin vəhdəti olan “Crying waterfall” (Ş.İmanov) kompozisiyasını tamaşaçılara təqdim edib.
Tarzənin Argentina auditoriyası üçün yeni olan tarda peşəkar ifası sürəkli alqışlarla müşayiət olunub.
Konsertin sonunda ifaçılar birlikdə İ.Sarabskinin “The Edge” və “Novruz” əsərlərini səsləndiriblər. Azərbaycan musiqiçilərinin peşəkarlığından və milli musiqimizin möhtəşəmliyindən heyrətlənən tamaşaçılar ifaçıları bir neçə dəfə səhnəyə dəvət ediblər.

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın