İstanbulda Xalq Yazıçısı Anarın 80 illik yubileyi qeyd olunub

İstanbulda Xalq Yazıçısı Anarın 80 illik yubileyi qeyd olunub

07.04.2018, 07:11 | 32 dəfə oxunulub. 12 14 16 18
İstanbulda Xalq Yazıçısı Anarın 80 illik yubileyi qeyd olunub

İstanbul, 29 mart
İstanbulda Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı, görkəmli ədib, ictimai xadim Anarın 80 illik yubileyi qeyd olunub.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), AYB, Türk Ədəbiyyatı Vəqfi (TƏV), İstanbul Yeni Yüzil Universiteti və Üsküdar rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən mərasimin açılışında rəsmi şəxslər, diplomatlar, elm və incəsənət xadimləri, yazıçının ailə üzvləri və doğmaları, yazıçı və şairlər, ədəbiyyatsevərlər iştirak ediblər.
TƏV-də keçirilən birinci paneldə Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı, yazıçı İmdat Avşar, Günel Anarqızı, Anar yaradıcılığının tədqiqatçıları Pərvin Nurəliyeva və Bəxtiyar Aslanın çıxışları dinlənilib. Təbrizli şair Həmid Tilimxanlı Anara həsr etdiyi şeirini oxuyub.
Elçin Qafarlı TÜRKSOY tərəfindən Anarın türk dilində nəşr olunan “Müasirlərim” əsəri barədə iştirakçılara məlumat verəndən sonra əsərin ilk nüsxəsini yazıçıya təqdim edib. “Kitabi-Dədə Qorqud dastanları və çağdaş Azərbaycan ədəbiyyatı” kitabını Anara təqdim edən Yeganə İsmayılova bildirib ki, yazıçının bu sahədə nəsillərə örnək olan əsərlərindən geniş bəhrələnib.
Türk Ədəbiyyatı Vəqfinin yeni təsis etdiyi “Yaşayan Dədə Qorqud” mükafatının ilk nüsxəsi Anara təqdim olunub.
Yubiley mərasimi İstanbul Yeni Yüzil Universitetində (YYU) davam etdirilib. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra ölkələrimizin azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə Yeni Yüzil Universitetinin rektoru Yaşar Hacı Salihoğlu yazıçının mənalı ömür yolundan və yaradıcılığından bəhs edib. Vurğulayıb ki, Anarın əsərləri hər zaman oxunacaq və tədqiqatçılar üçün cəlbediciliyini qoruyacaq.
Universitetində keçirilən paneldə çıxış edən AYB-nin katibi Rəşad Məcid, “525-ci qəzet”in əməkdaşı Seyfəddin Hüseynli, şair-yazıçı Adnan Özər və başqaları Anarın yaradıcılığının ayrı-ayrı istiqamətlərindən söz açıblar. Diqqətə çatdırılıb ki, Anar təkcə yaradıcılıq üslubu ilə deyil, həm də yüksək əxlaqi keyfiyyətləri ilə cəmiyyətdə tanınıb. O, əsərləri ilə Azərbaycan tarixinə və mədəniyyətinə yeni nəfəs verməklə yanaşı, yüksək intellekti və səmimi davranışı ilə türk dünyası arasında yeni ədəbi körpü yaradıb.
Hər iki paneldən sonra çıxış edən Xalq Yazıçısı Anar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Yubiley mərasiminin təşkilatçılarına, çıxış edənlərə və Anar yaradıcılığının tədqiqatçılarına Azərbaycan Yazıçılar Birliyinin, Türk Ədəbiyyatı Vəqfinin, İstanbul Yeni Yüzil Universitetinin və Türk Dünyası Araşdırmalar Vəqfinin diplom və mükafatları verilib. Mərasim konsert proqramı ilə başa çatıb.


Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın