Elnur Uğurdan yeni şeirlər

Elnur Uğurdan yeni şeirlər

06.04.2018, 23:40 | 211 dəfə oxunulub. 12 14 16 18
Təbim sular kimi coşar, qaynayar,
Ürəyim dupduru bulaq yeridi.
Cana isinmisən, qana qayna yar,
Gözün gözlərimdə necə yeridi?

Daha ayrılıqlar qoy qalsın mələr,
Ürəyi acıtmır hər acı "mə" lər.
Bizim yerimizdə hicranlar mələr,
Həsrətin yeri yox, eşqin yeridi.

Elnur, gələcəkdən baxar daşım, a!
Bu torpaq ömrümü daşı daşıma.
Yerini sevgisiz daşa daşıma,
Qoy baxan deməsin bu nə yer idi?

***

Quş dilində danışıram göy ilə,
Düşüncəmin qanadı göy, gözü göy.
Ayaqları üzülməz öz yerindən,
Bax sözümün alt- üst üzü səma,göy.

Səma sətir, göy misra nə, nə bilər?
Qanmaz nədir, nə araşdır, nə bil, ər!
Söz elçisi haqqın üzü Nəbilər,
Sizə azmı daş atdı hər üzü göy?

Qibləm özüm, özüm üzüm, üzüm üz,
Gəl üzümdə iki gilə üzüm üz.
Baxma burda quraqlıqdı üzümüz,
Bu üz səhra, o üz ömrün üzü göy.

***

Yük çəkməyə gəlmişik,
Dünya bizə yüklənib.
Səsimizin bəmində,
Gör neçə zil köklənib?

Nələr azdı gümanda?
Həqiqət göz yumanda.
Bu zəhrimar zamanda,
Hərə bir cür təklənib.

Tənhalıq adambaşı,
Aldandıq addımbaşı.
Son çılpaq məzar daşı,
Torpağımız tüklənib?

***

Tarla ömrü yaxşı şumla,yaxşı ək,
Biçin vaxtı qoyma səni incidə.
Əzizim min inci də,
Zərrədir bir incidə.
O gün küllər kül olar,
Əl əməli incidə.
Sabahını söyməməkçün bu gündən,
Dünənini sabah üçün incid,ə!

Adamsansa quruya yan,yaşa yan!
Hər yaşını quru adla yaşa,yan!
Əzizim o yaşa yan,
Adam-adam yaşa,yan!
İçində zirzəmidir,
Üzündə dam yaşayan.
Adam kimi yaşamırsa yaşayan,
Qiymət yoxdur həyat boyda incidə.

Gecə əgər gizlətmirsə nəf Ayda,
Otuz günə olarmı de nəf ayda?
Əzizim hər nəf ayda,
Nəf dolanır nəf Ayda.
Dolanıb dolmursa o,
Ha dolansın nə fayda?
Bəxti qızıl olmayana nə fayda?
Heçdir qızıl taxt da, ləl də, inci də.

***

Qovuşduraq küçələri,
Yaxın olaq ən uzağı.
Eşqinlə qocalıb gedir,
Bu boyda oğlan uşağı.

Gözdə islanır baxışın,
Mən köçüb hara yığışım?
Yağır duyğular yağışı,
Qəlb rəngbərəng göy qurşağı.

Eşqindir verən ilhamı,
Ovqatım Novruz bayramı
Aç qapınızı sən canın,
Qoy atım sizə qurşağı...

***

Laçında həsrət kəlbətin,
Mismar qəm çıxmır elimdən.
Qarabağda ki uduzdum,
Vətəni saldım əlimdən.

O gündən əllərim düyün,
Yoxdur eşq saçın, hördüyüm.
Vətən, uğrunda öldüyüm,
Nələr çəkmədin əlimdən?!

Şuşada yanmağın varmış,
Şüşətək sınmağın varmış.
Yad ələ qonmağın varmış,
İçim utanır çölümdən.

Möhrü vur, yazan, altında!
Söz qalıb pozan altında.
Hər səhər azan altında,
Dualar qalxmır dilimdən.

***

Gəl, gəl oturaq diz- dizə,
Gecədən sabaha qədər.
Bir ip çatmır əlimizə,
Qalxaq o günaha qədər.

Gündüzlər enirik enə,
Gözləri səririk Günə.
Gecələr gəlirik dinə,
Gedirik Allaha qədər.

Sual varsa, cavab olur,
Cavab doğdu savab olur.
Can min dəfə kabab olur,
Hər çəkilən aha qədər.

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın