MƏMMƏDYAR  MƏMMƏDYARLININ ŞEİRLƏRİ

MƏMMƏDYAR MƏMMƏDYARLININ ŞEİRLƏRİ

13.03.2016, 19:33 | 804 dəfə oxunulub. 12 14 16 18
MƏMMƏDYAR MƏMMƏDYARLI
(Məmmədyarov Məmmədyar Hilal oğlu)

1961 ci ilin avqust ayının 02 də Zəngilan rayonunun Genlik kəndində dünyaya gəlib. 1968-1978 ci illərdə orta məktəbdə təhsil alıb.1979-1981 ci illərdə hərbi xidmətdə olub.1981 ci ildən Sumqayıtda Boruyayma zavodunda işə düzəlib.1982 ci ildə ATİ nun 1 müalicə -profilaktika fakültəsinə qəbul olub.1988 ci ildən terapevt həkim kimi fəaliyyət göstərir.1989 cu ildən 1993 cü ilin sonunadək Zəngilan RMX da, rayon işğal olunandan sonra hazırki dövrə qədər Sumqayıt Təcili Yardım Stansiyasında çağırışçı həkim işləyir. 2005 ci ildən AYB nin üzvüdür, dörd şeir kitabının və müxtəlif publisistik yazıların müəllifidir.Dövri mətbuatda və müxtəlif toplumlarda ara-sıra dərc olunur.

GÖZLƏ, GƏLƏCƏM

Neçə ildi görüşünə gəlmirəm,
Bir də gəlsəm hansı üzlə gələcəm?
Gəl yaddan çıxarma görüş yerini,
Birgə saldığımız izlə gələcəm.

Xoşbəxtlik quşunu əldən buraxdım,
Ümüdlə gəzirəm gör neçə vaxtdı,
Ürəyimdə sözlər qalaq-qalaqdı,
Gələndə bir kitab sözlə gələcəm.

Səadətin – biz yanından keçəsi,
Şahid olduq, xoşbəxt oldu neçəsi,
“İnqilab”la “Səməd Vurğun” küçəsi
Birləşdiyi yerdə gözlə ,gələcəm...




HAYIF
Firavan, sakitcə ömür sürürdük,
Dünyanın nizamı dağıldı, hayıf.
Nə bilim, bəlkə də yuxu görürdük,
Elə bil hamısı nağıldı, hayıf...

Harda qaldı görən o gözəl çağlar,
Didərgin düşmüşəm, qalmışam ağlar,
Sinəsi üstündə gəzdiyim dağlar
Sinəmin üstündə dağ oldu, hayıf...

Sirri açmaq olmur, ağartmaq olmur,
Ürəyi süfrəyə çıxartmaq olmur,
Dərdi nə daşımaq, nə atmaq olmur,
Arzular içimdə boğuldu, hayıf...














UTANIRAM
Ümüdlə girdim axara,
Yenə də qaldım axıra,
Kənardan mənə baxıram,
Özümdən utanıram.

Düşünmədim, qana-qana
Özümü salmışam qana,
Yollar gəlib çatıb sona,
İzimdən utanıram.

Ocağım boynun qısıbdı,
Ağzın yumublar, susubdu,
Üstünü küllər basıbdı,
Közümdən utanıram.

Söz satıram- kimdi alan?
Yarı doğru, yarı yalan...
İçimdə boğulub qalan
Sözümdən utanıram.









GECİKMİŞ MƏHƏBBƏT
Ömrün payızında çıxdın qarşıma,
Çətin bu sevdanın bəhrəsin görək.
Yaramın qaysağın didib-qaşıma,
Bu yaşda məhəbbət nəyimə gərək?!

Nə qədər rəngləsək saçı, birçəyi,
Soyuq gözlərimiz şavaq götürməz,
Gecikmiş məhəbbət- payız çiçəyi,
Ətirsiz gülləri meyvə gətirməz.

Sən ümüd bəsləmə gecikmiş gülə,
Bağımın çiçəyin don vuracaqdı,
Ya dəli eyləyib salacaq çölə,
Yadaki başıma qan vuracaqdı.

Nə qədər görməyib dünyanın qarın,
Tələf edək eşqin tumurcuqların...











AĞLAYIRAM MƏN
Körükdə bişmişəm, isti dəmirəm,
Dağların özün də dağlayıram mən.
Dostlarım, mən sizə şeir demirəm,
Mərsiyə deyirəm, ağlayıram mən.

Sınaqdan keçirdim mən illər boyu,
Yanğını söndürməz hər gölün suyu,
Şirin su verməz hər qazılan quyu,
Sızqa bulaq kimi çağlayıram mən.

Dedimmi tay tutub qatma xıltına,
Birin dəyişmərəm neçə altuna,
Götürüb gedəcəm yerin altına-
Dərdimi içimdə saxlayıram mən.














GÖZƏLLƏR
Nəşə kimi könülləri məst edən,
Su kimi qəlblərə axan gözəllər.
Şikarını tora salıb, astadan
Ürəyini şişə taxan gözəllər.

Söz-söhbəti şirin-şəkər bal dadır,
Görünməyən əsil üzü daldadı,
“Nərbalanı bir dartuman aldadır”,
İgidlərin evin yıxan gözəllər.

Dərmanı tapılmaz qada verdiniz,
Bəs dedim ruhuma qida verdiniz,
Məmmədyarı nahaq bada verdiniz,
Ömrümün sonuna çıxan gözəllər.














ANADI
Bizi xəlq eyləyən, bizi yaradan
Göylərdə Tanrıdı, Yerdə anadı.
Külli-kainatda müqəddəs varlıq
Allahdı, atadı, bir də anadı.

Canını südüylə veribdi bizə,
Yeganə dərmandı hər bir mərəzə,
Elə bir çiçəkdi- həmişə təzə,
Güllər arasında tər də anadı.

Ana – çox ucadı, dağlar boydadı,
Onun hər kəlməsi şəkər, bal dadır,
Ana- bayatıdı, ana-layladı,
Dastan da, nağıl da, şeir də anadı.

Səcdə eylə belə müqəddəs ada,
Ananı dəyişmə özgəyə, yada,
Ondan qiymətlisi varmı dünyada?!
Qızıl da, almaz da, zər də anadı.

Anaya borcludu anadan olan!
İstəsən səni də sevsin öz balan,
Məmmədyar, ananın başına dolan,
Müqəddəs ocaq da, pir də anadı.



SEVGİLİM MƏNİM
Bir ömür yol gəldim mən sənə kimi,
Divanə yox məntək divanə kimi,
Çırpıldım oduna pərvanə kimi,
Çırağım, ağ şamım, nur selim mənim,
Sevdalım, nazənin sevgilim mənim.

Dünya bir çəməndir, var, gəz nəqədər...
Bənövşə nə qədər, nərgiz nə qədər,
Qoxlamaq istəsən dər, üz nə qədər,
Solmaz çiçəyimsən,ağ gülüm mənim,
Sevdalım, nazənin sevgilim mənim.

Xumar gözlərində sirr- duvalanıb,
Göylər sərxoş olub, yer havalanıb,
Könül tellərində yar, yuvalanıb-
Sevgi məmləkətim, eşq elim mənim,
Sevdalım, nazənin sevgilim mənim.

Məni sehirlədin saldın ovsuna,
Bu can şikar sənə, bu can ov sənə,
Sənsiz dünya yalan, dünya əfsanə,
Sənsən sonum mənim, əzəlim mənim,
Sevdalım, nazənin sevgilim mənim.

Səndən yana mənnən gözəllər küsün,
Sənlə nəfəs alır Məmmədyar miskin,
Əllərin darağım, gözlərin güzgüm,
Birdənəm, dürdanəm, yaz gülüm mənim,
Sevdalım, nazənin sevgilim mənim.
ƏLVİDA
Mən səni seçmişdim güllər içində,
Şəkər sözlü tuti dillər içində,
Məni xar eylədin ellər içində,
Əlvida,əlvida, gözəl, əlvida!

Kimiydi telindən qız, öpüb getdi,
Çəkildi hüsnündən yaz, ötüb getdi,
Bulaq gözlərimi buz örtüb getdi,
Əlvida, əlvida, gözəl, əlvida!

Məni o qılıqlı əllər ovutmaz,
Məsum gözlər ağlar, sellər ovutmaz,
Ruhumun qibləsi tellər ovutmaz,
Əlvida, əlvida, gözəl, əlvida!

Sevgimizdən acı xatirə qaldı,
Qalan xatirə də xətirə qaldı,
Süzüldü misraya, sətirə, qaldı...
Əlvida, əlvida, gözəl, əlvida!

Yığışdır yollardan, çək gözlərini,
Hönkür, bulud-bulud tök gözlərini,
Qara yaylıqlarla bük gözlərini,
Əlvida, əlvida, gözəl, əlvida!

Məhəbbət deyən şey zəhrimar dadır,
Ümüdlü bir cığır, çəhlim hardadı?
Könlü zorlamağa təhrim hardadı?
Əlvida, əlvida, gözəl, əlvida!

Tanrıya yalvardım mən dönə-dönə,
Ürəyim gəlmədi imana, dinə,
Könlüm sənə sarı inanma dönə,
ƏLVİDA, ƏLVİDA, GÖZƏL, ƏLVİDA!


ÖMRÜMÜN FƏSİLLƏRİ
Bir günahım yoxdu, pakam-
Dağların qarı kimiyəm,
Gül-çiçəkdən alıram kam,
Bal yığan arı kimiyəm.

Gözümdə yox dünya dərdi,
Ürəyimi açıb sərdim,
Kim becərdi, kimlər dərdi...
“Ehsan bağ” barı kimiyəm.

Yola saldım yayı, yazı,
Gəldi ömrümün payızı,
Bir az göy, bir az qırmızı,
Bir az da sarı kimiyəm.

Əqli-huşu başdan çıxan,
Duz-çörəyi daşdan çıxan,
Arzularla qışdan çıxan
Ümüdsüz qarı kimiyəm.

Bitirməmiş dastanımı,
Əzrayıl kəsib yanımı,
Qoy sıxıb içsin qanımı,
Gülövşə narı kimiyəm.





GƏLİR
Bu dünyaya gələn bəndə
Cüt yaranır, qoşa gəlir,
İlk addım atıb gələndə
Yazı, yayı xoşa gəlir.

Çörəyin daşdan çıxarır,
Bu-gəliri, bu- çıxarı,
Nəfsi hulqumdan yuxarı
İştah ilə aşa gəlir.

Bu qonaq hələ yoldadı,
Mey tutub, kefli haldadı,
Bir az da payız aldadır,
Bilmir üzü qışa gəlir.

Əzrayıl qovalar, teylər,
Bağrının başın qan eylər,
Ağlına gəlməyən şeylər
Hərdən qəfil başa gəlir.

Dərin düşünsə bir anlıq,
Şad könlü olar viranlıq.
Ölüm- başlanğıc, ya sonluq...
Baxan deyil yaşa, gəlir,
Vaxtlı gəlsə xoşa gəlir.




DÜNYA DÜZƏLMƏZ
Tanrımız dünyanı qurdu, yaratdı,
Quzunu yaratdı, qurdu yaratdı,
Qurddan da qorxulu ordu yaratdı,
Görən niyə qıydə belə gözələ?!
İnanma bu dünya bir də düzələ!

Bu dünya havası çalınmış dəfdi,
Kiminə əzabdı, kiminə kefdi,
Adəm dolaşdıran həmin kələfdi,
Tapmazsan ucunu, yüz il çözələ,
İnanma bu dünya bir də düzələ!

Hər kim kandarına bassa ayağın,
Şam kimi əridər gözünün yağın,
Gülüstan eyləyər ömrünün bağın,
Onu da döndərər bi gün xəzələ,
İnanma bu dünya bir də düzələ!

Dünyanın sirrini Yaradan bilir,
Belə yola verib milyonlar ili,
Köhnəlib, qocalıb, əyilib beli,
Nə qədər üzünü yama, təzələ,
İnanma bu dünya bir də düzələ!

Bir üzü xeyirdi, bir üzü şərdi,
Sənə qalıbdımı dünyanın dərdi?!
Məmmədyarlı onu tək düzəldərdi
Düzələn olsaydı kəlmə söz ilə,
İnanma bu dünya bir də düzələ!
YIXACAQ
Üstünə dağ, düz ələnir,
Kələf ucu çözələnir,
Əzrayıldı, məzələnir,
Üzü yaman sərt- yıxacaq.

Hər kəs qonaq bu dünyada,
Ya atlı ol, ya piyada...
Hamını salacaq yada,
Baxmaz namərd, mərd- yıxacaq.

Biz – dən, dünya- dəyirmandı,
Üyüdəcək, bu fərmandı,
Xırman həminki xırmandı,
Şərt də həmin şərt, yıxacaq.

Üzünü tut yurda sarı,
Dörd tərəfin dərd hasarı,
Qurtarmaz bu dərd, ha sarı,
Səni də bu dərd yıxacaq.


NECƏSƏN
And yerim, səcdə yerimsən,
Ay qibləgahım, necəsən?!
Gündüzlər dərdi-sərimsən,
Gecələr yuxum, necəsən?!

Hardasan ay mələr quzum,
Səniydin çörəyim, duzum,
Günəşim,Ayım, Ullduzum,
Nurlu sabahım, necəsən?!

Bu qədər yalvardım sənə,
Niyə qayıtmadın dinə?
Qoyma duam geri dönə,
Çatmırmi ahım, necəsən?!

Gerçəyim sən, yalanım sən,
Gəncliyimdən qalanım sən,
Nəyim varsa, olanım sən.
Mənim var-yoxum, necəsən?!

Şəkərmisən, ya balmısan,
Ağzımın dadın almısan.
Demirsən harda qalmısan
Ay şahənşahım, necəsən?!

Ömrüm təzədən yaz ola,
Taleyim sənə yazıla,
Qəbrimiz qoşa qazıla,
Orda da baxım necəsən!

PAYIZ ÇİÇƏYİ
(Payız vaxtı bağda çiçəkləyən armud ağacına)

Səni mən əkmişəm, balamsan axı,
Nədənsə bu dəfə sözümdən çıxdın.
Göylərin üzündə şimşəklər çaxır,
Sən çiçək açmısan bu payız vaxtı.
Sənin budağında çiçək görəni,
Açılmır göylərin heç qaşqabağı.
Bəs necə gizlədim borandan səni,
Mən necə qoruyum bu qışqabağı?!

Elə bil çiçəyin lap qarıyıb ki,
Acgöz arılar da səndən yan qaçır.
İkinci bahardan kim yarıyıb ki,
Sən də yarıyasan armud ağacı?

Bəs niyə qanundan kənara çıxdın,
Vaxt gələr, səhvini sən qanacaqsan,
Gələn il tay-tuşun bar verən vaxtı
Onların yanında utanacaqsan.

Hər bağa girəndə mən sənə baxıb,
Boyunu oxşayıb, əzizləyirdim,
Payız çiçəyini neynirdin axı,
Mən səndən gələn il bar gözləyirdim.

QURTARIR
Bir kitaba bənzədirdim ömrümü,
Bax bu kitab varaq-varaq qurtarır.
Varaqların yolub yelə verdiniz,
Doğmalarım, sizdən iraq, qurtarır.

Bir yol getdim tutub yolun sağını,
Qarışdırdım qarasını, ağını,
Yandırmışdım ürəyimin yağını,
Sayrışaraq sönür çıraq, qurtarır.

Ömür məni karvanından düşürdər,
Oğlum-qızım qonşulardan eşidər,
Bu şad xəbər ürəyini üşüdər...
Qoy sənə də çatsın soraq, qurtarır.

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın