Mərhum millət vəkili Zakir Zeynalovun ailəsi bərk qəzəbləndi

Mərhum millət vəkili Zakir Zeynalovun ailəsi bərk qəzəbləndi

09.09.2018, 09:48 | 68 dəfə oxunulub. 12 14 16 18
Mərhum millət vəkili Zakir Zeynalovun ailəsi bərk qəzəbləndi

Çimnaz Zeynalova: Qələm sizə qənim olsun!

Bu günlərdə "Ovqat.com" saytında millət vəkili Maksim Musayevin "Kamran Bağırovun vəsiyyəti" adlı məqaləsi ilə qarşılaşdım. Məqaləni təəccübsüz və qəzəbsiz oxuya bilmədim. Nədən bu qədər təəccübləndiyimi və qəzəbləndiyimi dəyərli oxucularımıza ərz etmək istəyirəm.
Əvvəla, məqalə ailə başçımız, mərhum həyat yoldaşım, tanınmış ziyalı, ictimai xadim, millət vəkili, Milli Məclisin eks vitse-spikeri Zakir Zeynalovun ünvanına yazılmış şər, böhtan, iftira dolu fikirlərlə dolu idi. Öz ömrünü xalqına, dövlətinə həsr etmiş, yaşadığı müddətdə heç kimə pisliyi dəyməmiş, əksinə, saysız-hesabsız xeyirxah əməlləri ilə yaddaşlara həkk olunmuş şərəfli bir Azərbaycan oğlunun ünvanına bu cür çirkin iftiralar söyləmək Allahın hüzurunda günah, insanların hüzurunda ayıbdır.
Düşünürəm, "hörmətli" müəllif dünyasını dəyişmiş bir insanın ünvanına "qəhrəmancasına" yazdığı bu fikirləri görəsən Zakir Zeynalov həyatda olsaydı onunla üzbəüz dayanıb mərd-mərdanə üzünə qarşı söyləyə bilərdimi?!Məncə, o, bu hünəri, bu mərdliyi özündə tapmazdı, çünki mərd insan əsla və əsla ölüyə iftira atmaz!
Amma Maksim müəllimin qələmə aldığı bu cəfəngiyyat toplusu olan fikirlərlə Zakir Zeynalovun nüfuzuna xələl gətirəcəyini düşünürsə əlbəttə ki, yanılır. Çünki Zakir müəllim hələ öz sağlığında özünə ürəklərdə mənəvi abidə ucaltmiş bir şəxsiyyət idi. Bəli, o əsil şəxsiyyət idi. Çünki onun əqidəsi və amalı, ürəyi və dili bir idi. Məzlumlara qarşı ipək kimi yumşaq, zalımlara qarşı qılınc kimi sərt idi Zakir müəllim. Bəli, o şəxsiyyət idi. Çünki onun Azərbaycan boyda ürəyi var idi, çünki o Azərbaycan aşiqi idi.O, heç vaxt nə diriyə,nə də ölüyə iftira atmazdı, doğrunun, haqqın tərəfində durardı. Çünki o əsil kişi idi.Dostluğa sadiq idi. Xəyanəti əsla bağışlamazdı. Məqalədə Zakir Zeynalovun vicdan əzabı çəkdiyi iddia olunur. Bütün fikriylə, sözüylə, varlığıyla haqqa və xalqa xidmət edən bir insan niyə vicdan əzabı çəksin? Vicdan əzabını siz çəkin, dünyadan köçmüş bir insana bu cür çirkin iftiralar atdığınız üçün! Unutmayın ki, hər kəsin axırı ölümdür. Unutmayın ki, bu dünyada yaxşılıqdan savayı heç nə qalmır.
Mən sizi mənəvi saflığa dəvət edirəm. Paxıllıq və kin insana zərərdən başqa heç nə gətirmir. Zakir müəllimin ünvanına bu şər-böhtan dolu fikirləri yazmağa sərf etdiyiniz vaxtı hər hansı bir xeyir əmələ sərf edin. Onun etdiyi xeyirxahlıqların yüzdə birini siz də edin.
Qələm müqəddəsdir, Maksim müəllim. Odur ki, "Qurani-Kərim"də "Qələm" surəsi yer alıb. Əgər qələminizlə şərə, böhtana xidmət edirsinizsə, qələm sizə qənim olsun!

Çimnaz Zeynalova

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın