Samid Quliyev: “İslamda yoxdur” kitabına söz ardı

Samid Quliyev: “İslamda yoxdur” kitabına söz ardı

08.05.2018, 17:15 | 889 dəfə oxunulub. 12 14 16 18
“İslamda yoxdur” kitabına söz ardı.

“Dini ocaqların yaranması, onların daha da abadlaşdırılması işini, lazımi tədbirlərin görülməsini əhəmiyyətli hesab edirik. Çoxunu xalq özü, xeyriyyəçi insanlar edirlər. Amma dövlət də bir tərəfdən buna dəstək verir, digər tərəfdən də imkanı dairəsində nə lazımdırsa edir. Məsələn, Bibiheybət məscidinin bərpası bizim üçün tarixi əhəmiyyətli bir hadisədir. Çünki Bibiheybət ziyarətgahının Azərbaycanın tarixində hansı yer tutduğunu siz yaxşı bilirsiniz”. Heydər Əliyev

İlahi dinlərin əsas məqsədi insanları Allaha doğru yönəltmək və beləcə əbədi dünya və axirət səadətinə qovuşdurmaqdır. İslam peyğəmbəri də bu ilahi qaydanı 23 il müddətinə ümmətinə aşılamışdır. 644-cü ildən bəşəriyyətin mədəniyyət beşiklərindən biri olan Azərbaycanda yayılmağa başlayan islam dini dövrümüzədək bir çox mərhələlər keçmişdir.
Bu mərhələlərin ən parlaq dövrü müstəqillik qazandıqdan sonra Azərbaycan dövlətinin dinə qayğısı ilə başlamışdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra, milli-mənəvi dəyərlərmizin bir parçası hesab edilən İslam dininə mənsub müqəddəs yerlər, məscid və ziyarətgahların yenidən bərpası, yeni məscidlərin tikintisi, habelə Qafqaz Müsəlmanları İdarəsinin İslam dünyası ilə əlaqələrinin qurulmasına geniş yer ayrıldı. Qısa zaman kəsiyində əksər müsəlman dövlətləri ilə siyasi-iqtisadi əlaqələr qurulmağa başlandı və beynəlxalq İslam təşkilatlarında söz sahibi olduq.
Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bu gün bütün sahələrə olduğu kimi, ölkəmizdə fəaliyyət göstərən dini icmalara da diqqət və qayğını əsirgəmir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi nəinki Azərbaycanda , həmçinin bütün dünyada, xüsusilə İslam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və tolerantlığın bariz nümunəsi idi.
Ölkəmizdə islami dəyərlərin qorunub saxlanılmasında Qafqaz Müsəlmanları İdarəsinin, dövlət-din münasibətlərini qanunla nizamlayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müstəsna xidmətləri vardır. Bu qurumların birgə fəaliyyəti sayəsində yerlərdə rəsmi qeydiyyatdan keçmiş məscidlərdə tarixi ənənələrimiz minbərlərdən cəmiyyətə din xadimləri vasitəsi ilə çatdırılır. Son illərdə dövlət vəsaiti hesabına milli-mənəvi dəyərlərmizi, İslam dininin əsil mahiyyətini əks etdirən vəsaitlərin çap olunması dini siyasətin xalqa çatdırılmasında mühüm rol oynayır.
Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də ölkədə dini maarifləndirmə və milli - mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə sərəncam imzalaması, milli dəyərlərə, milli düşüncə tərzimizə yad olan, radikal və ekstremist addımlar atmağa çağıran təriqət və cərəyanların fəaliyyətinin qanunla qadağan olunması uzun illər ərzində formalaşmış milli-mənəvi dəyərlərmizin qorunmasına xidmət edir.
Təəssüf ki, son zamanlar Azərbaycanda mövcud olan dini sabitliyi məcrasından çıxarmaq istəyən daxili və xarici qüvvələr bu yönümdə pozucu fəaliyyətlərinə rəvac veriblər. Ölkəmizdəki milli-dini, siyasi sabitliyi pozmağa maraqlı olan qüvvələrin xaricdə illərlə hazırladıqları layihələri həyata keçirməkdə vasitəçi olanlar bəzən özləri də bilmədən düşmən dəyirmanına su tökür, xalqa yad ünsürlərin maraqlarına xidmət edirlər.
Bunlardan biri də Elşad Miridir. Özünü ilahiyyatçı alim adlandıran bu şəxsin yazdıqları, dedikləri İslam dininin təbliğinə yox, əleyhinə işləyir, təfriqə xarakteri daşıyır. Şiələrlə sünnüləri üz-üzə qoyub, bundan xal qazanmağa çalışan Elşad Miri unudur ki, tarixən Azərbaycanda sünnilərlə şiələr bir yerdə yaşamış, qaynayıb qarışmışlar. Daim gündəmdə qalmağa üstünlük verən “ilahiyyatçı” hər dəfə bir mövzuya toxunmaqla inanclı insanlarda qıcıq yaradır.
Elşad Mirinin “İslamda yoxdur” adlı kitabında ölkədəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərə biləcək fikirlər olduğundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi çapını məsləhət bilməyib. Amma Elşad Miri 216 səhifədən ibarət olan bu kitabı “İstanbul Yayınevi” nəşriyyatında çap edərək qanunsuz yolla Azərbaycana gətirmişdir.
Elşad bəyin heç bir mənbəyə istinad etmədən qələmə aldığı kitaba orta əsrlərdə olduğu kimi rəddiyyə yazmaq fikrindən uzaq olsam da, demək istəyirəm ki, istər dində, istər mənəviyyatda elə dəyərlər var ki, onlara toxunmaq, ayaqlamaq, müxtəlif yozum vermək, insanın hissiyatına toxunmaq olmaz. Vətənimizin suyunu, havasını, torpağını birgə bölüşürüksə, ölkəmizdə mövcud olan dini ənənələrə də hörmət etməli, İslam ümmətini sünni-şiəyə bölməməli, yüzillər boyu formalaşmış dini birliyi qorumağa səy etməli, ölkəmizə, dövlətmizə, xalqımıza fayda verə biləcək işlərə can atmalıyıq.
Unutmaq olmaz ki, “peyğəmbərlər günahkardır” ifadəsini işlətməyin özü günahdır, islami dəyərləri ayaqlamaq, Allaha, Qurani-Kərimə qarşı çıxmaqdır, müqəddəs peyğəmbərlərin xidmətlərinə hörmətsizlikdir.
Azərbaycanda dini dəyərlərin saxlanılmasında zəhməti az olmayan möhtərəm Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini qəbul etməmək, xalqın qəbul etdiyi dini rəhbərə qarşı sayğısızlıq göstərmək, Mirmövsüm ağa ziyarətgahını, Bibiheybət məscidini, Gəncə imamzadəsini aşağılayan fikirlər irəli sürmək nə dinimizə, nə dindarlarımıza faydalı heç nə vəd etmir. Seyidlərə qarşı çıxmaq, peyğəmbərmizin pak əhli-beytini “təftiş etmək” görəsən Elşad Mirinin nəyinə lazımdır və “ilahiyyatçı alimin” bundan qazancı nədir?
Bəli, bu gün Elşad Miri yaratdığı saxta profillərlə sosial şəbəkə və portallarda, rəhbərlik etdiyi sayt, qəzet və jurnallarda təbliğatı qanunla zidd olan “Quranilərin” və “müstəşriqlərin” fikirlərini insanlara çatdırmağa cəhd edərək, yeni dini model - “Peyğəmbərsiz islam” formalaşdırır. Xarici dillərdə yazılmış mövzuları tərcümə edərək öz adına yazmaq, onu araşdırma kimi təqdim etmək heç bir tədqiqatçıya yaraşmır və bəyəniləsi əməl də deyil.
İslami dəyərlər sənin başa düşdüyün kimi, sənə təlqin olunduğu kimi deyil, müqəddəs dini kitabımız olan Qurani-Kərimdə yazıldığı kimidir.Və əgər sən özünü müsəlman sayırsansa, onlara əməl etmək şəri borcundur. İslam birlik və bərabərlik təlqin edir, parçalanma yox. İslam dini rəhbərə, böyüyə hörmət təlqin edir ədavət yox. Bunu unutma, Elşad Miri! Və yeri gəlmişkən, MİRİ soyadı seyidliyə işarətdir. Əgər sən seyidləri, peyğəmbərlərmizi, imamlarımızı inkar edirsənsə, bəs bu Miri nədir? Nə qədər gec deyil, soyadına dön, Elşad Miri!

ilahiyyatçı-alim Samid Quliyev, AJB-nin üzvü

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın