Qardabanidə 1+4 proqramı ilə bağlı tədbir keçirilib

Qardabanidə 1+4 proqramı ilə bağlı tədbir keçirilib

16.03.2018, 11:47 | 224 dəfə oxunulub. 12 14 16 18
Qardabanidə 1+4 proqramı ilə bağlı tədbir keçirilib
Qardabanidə 1+4 proqramı ilə bağlı tədbir keçirilib
Qardabanidə 1+4 proqramı ilə bağlı tədbir keçirilib
Qardabanidə azərbaycanlıların kompakt yaşadığı Nazarlı kəndindəki ictimai məktəbdə Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirliyinin təşəbbüsü ilə 1+4 proqramı çərçivəsində tədbir keçirilib. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, tədbiri Gürcüstan Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov açaraq məktəb şagirdlərinə mövzu ilə bağlı açıqlama verib. O, bildirib ki, artıq dövlət nazirliyinin təşəbbüsü ilə milli azlıqlar yaşayan bölgələrdəki məktəblərdə 1+4 proqramı çərçivəsində görüşlər başlayıb və əsas məqsəd şagirdlərə dövlət dilini öyrətmək və vahid milli imtahanlar barədə ətraflı məlumat verməkdir. A. Məmmədov proqramın əhəmiyyətindən və əldə olunan müsbət nəticələr barədə də fikirlərini bildirib.

Sonra tədbirdə çıxış edən Gürcüstan Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyinin idarə rəisi Eliso Lomidze 3 ildir ki, fəaliyyət göstərən 1+4 proqramı haqqında şagirdlərə ətraflı məlumat verib. O, bu proqram vasitəsilə bir il hazırlıq kursunda dövlət dilini öyrənən abiturientlərin dövlət universitetlərinə uğurla daxil olduqlarını qeyd edib. E. Lomidze artıq 1+4 proqramı ilə bağlı zəngin təcrübə əldə edildiyini və proqram çərçivəsində bu il də məqsədyönlü planlar həyata keçirildiyini bildirib.

E. Lomidze çıxışında dövlət qurumlarında yuxarı kurslarda təhsil alan tələbələrin təcrübə keçməsinə də toxunub. Onun sözlərinə görə, bölgədə olan dövlət qurumlarında uğurla təcrübə keçən tələbələrin gələcəkdə işlə təmin olunma şansı daha çox olacaq.

Şagirdlərlə görüşdə iştirak edən Milli İmtahan Mərkəzinin koordinatoru Maya Qabunia, Qardabani meri Ramazi Budağaşvili, onun müavini Dünyamalı Hacıyev, Qardabani rayon bələdiyyəsinin sədr müavini Rəfi Orucov movzu ilə bağlı fikir və təkliflərini bildiriblər. M. Qabuniya vahid milli imtahanların şərtləri, ali məktəbə qəbul və qeydiyyat qaydaları haqqında məlumat verib və qəbul imtahanları ilə bağlı sualları cavablandırıb.

Gürcüstan Milli Hərbi Akademiyasının nümayəndələrinin “1 + 4” proqramı çərçivəsində bakalavr və magistr kurslarına qəbul qaydaları haqqında məlumatları yuxarı sinif şagirdlərində böyük maraq oyadıb.

Abiturientlər Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin 1+4 proqramı çərçivəsində dövlət qurumlarında həyata keçirdiyi staj proqramı ilə xüsusilə maraqlanıblar. Akademiyaya qəbul ilə bağlı suallar cavablandırılıb.

Tədbirdə 1+4 proqramı çərçivəsində dövlət dilinin öyrədilməsinin və ali məktəbdə təhsilin keyfiyyətinin vacibliyini vurğulayıb.

Görüşdə çıxış edən dövlət nazirinin müşaviri Ayaz Məmmədov nazirlik adından tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və bir daha 1+4 proqramının əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda Qardabani meri Ramazi Budağaşvili azərbaycanlıları Novruz bayramının gəlişi ilə təbrik edib və bu gün keçirilən görüşün əhəmiyyətli bir tədbir olduğunu və dövlətin həyata keçirdiyi 1+4 proqramının məhz azərbaycanlıların dövlət dilinin öyrənməsinə yönəldildiyini qeyd edib. R. Budağaşvili şagirdləri bu proqramda fəal iştirak etməyə çağırıb və mer kimi onun üzərinə düşən hər bir məsələyə dəstək olacağını və problemlər olarsa, onların həllinə hazır olacağını bildirib.

www.gaxa.ge

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın