Günəş nəfəsli şairə

Günəş nəfəsli şairə

26.03.2018, 01:30 | 538 dəfə oxunulub. 12 14 16 18
Günəş nəfəsli şairə.
Günəş nəfəsli şairə


Son illər ədəbi mühitdə Afaq Şıxlı imzasına tez-tez rast gəlinir. Poeziya aləmində uğurlu addımlar atan Afaq xanım daim axtarışdadır. Hisslərini, duyğularını poetik dildə rəvan, axıcı bir dildə ifadə etməyi bacarır. Bu misralardakı hiss, həyacan hər bir oxucuya da yaxşı məlumdur. Ona görə də Afaq xanımın şeirləri maraqlana oxunur. Afaq xanımın şeirlərini əzbərləməyə ehtiyac yoxdu. Şeirlər o qədər gözəl, o qədər yadda qalandı ki, bir dəfə şeirləri oxuyub yadda saxlamaq olur. Eynən Molla Pənah Vaqifin, Səməd Vurğunun, Hüseyn Arifin, Nəriman Həsənzadənin, Nüsrət Kəsəmənlinin şeirləri kimi. Afaq xanımın şeirləri ürəyə yatımlı, hər biri ayrı-ayrılıqda bir həzin nəğmədi. Bütün incə təbiətli qadınlar kimi Afaq xanımın da poeziyasında sevgi, məhəbbət, sədaqət mövzusu aparıcı yer tutur. Afaq Şıxlı duyduğu sevgi motivlərini özünə məxsus bir poetik dildə oxucularına təqdim edə bilir.

- Sevirsənsə, bu sevgini faş elə,
Vüsalını çək başına nuş elə,
Ya sevmə heç, ürəyini daş elə
Ya da elə aşkarca sev, amandı.

Digər bir şeirində Afaq xanım ruhunda çağlayan sevgisini belə ifadə edir:

- Məni bir də sevərsənmi
İkimizin xatirinə?
İstəmirəm çoxlarıtək,
Dönək sevgi qatilinə...

İstəyirəm canlandıraq
Buza dönən arzuları.
Gəl, yaxın gəl!
Hər zamandır yol gözləyən
Vüsalımız şirin olsun!

Afaq xanım vətəndən uzaqlarda yaşayıb-yaradan günəş nəfəsli bir şairədir. Bu qəriblik onun bir sıra şeirlərində də əks olunur. Əsas budur ki, bu qəriblik onun vətən sevgisini, doğma yurduna məhəbbətini sanki daha da gücləndirir. " Çağır məni, əziz Bakım", "Qürbət suları", "Qürbətdə sevən kişi", " Sənin olmadığın hər yer qəriblik" şeirləri məhz belə əhval-ruhiyyənin poetik dillə ifadəsidir.

- Afaq, gəl bu qədər yorma özünü,
Anlayan tapılar ürək sözünü
Öləndə vətəndə yum ki, gözünü,
Qürbət sənin üçün ağlayan deyil!

Bəli, hər yaşanan hissləri poetik dildə belə sərrast ifadə etmək hər söz adamının hünəri deyil. Afaq Şıxlı artıq poeziya aləmində öz sözünü demiş, tanınmış, oxucuları tərəfindən sevilən şairədir. İxtisasca həkim olsa da, poeziya, publisistika, tərcümə sahəsində öz sözünü deməyi, həm də qədərincə deməyi bacarıb.
Həyat isə davam edir. Yaradıcılıq daim axtarışda olmağı tələb edir.Afaq xanım da yorulmadan, usanmadan bu yolun yolçusudur. Afaq xanım 20 ilə yaxındı ki, Rusiya Federasiyasının Moskova şəhərində həyat yoldaşı Fransis müəllimlə əl-ələ verib ədəbiyyatımızı dünyaya tanıtmaqla məşğuldular. Afaq xanım 2011-ci ildən Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, 2012-ci ildən Avrasiya Yazarlar birliyinin Rusiya Yazarlar Birliyinin,
və Rusiya Poeziya Akademiyasının, 2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmiş və 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur.
Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur.
Ailəlidir. İki övlad anasıdır. Bir qızı var, bir oğlu. Qızı Nilufər xanım da anası Afaq xanımın yolunu davam etdirir. Şeirləri, romanları, povestləri dövrü mətbuatımızda mütamadi dərc olunur. Nilufər xanım həm də tərcüməçiliklə məşğul olur. Bir çox böyük şairlərimizin və gənc şairlərimizin şeirlərini rus dilinə tərcümə edib. Bir mənim şeirimi tərcümə etməyib. İnşallah o da olar. Onu da deyim ki, əziz oxucularımız Afaq xanım
Görkəmli alim Arif Şıxlinskinin qızı,
dahi yazıçı İsmayıl Şıxlının yaxın qohumudur.
Əsərləri türk, rus, fransız və ingilis dillərinə tərcümə olunan Afaq Şıxlıya yolların həmişə açıq , poetik duyğuların saf , təmiz olsun, deyirik...

Qazaxın yolları

“Gün gələr, bir daha görərsən onu,
Tovuzun yolları Qazaxdan keçir!

Afaq Şıxlı

Bir gün qonaq olum o yurd-yuvada,
O münbit torpaqda, gözəl havada.
Gəlsin süfrəsində ağzımız dada...
Qazaxın yolları qəlbimdən keçir!

Seçilir bu eldə Şıxlı soyadı...
Qoymaz ocağına düşməni, yadı!
Dolaşır dillərdə şöhrəti, adı!
Qazaxın yolları qəlbimdən keçir!

Bir yandan Salahlı, Kəsəmən kəndi,
Hər qarış torpağı - könül sevəndi.
Mənə ləzzət verir şəkəri, qəndi,
Qazaxın yolları qəlbimdən keçir!

Fuadam, ruhuma məkan - Qazaxda!
Sözümə, şeirimə təkan - Qazaxda!
İlhama yol verən imkan Qazaxda!
Qazaxın yolları qəlbimdən keçir!

Müəllif: Fuad Biləsuvarlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı.

Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın