Nyu-Yorkda musiqi festivalında Xalq artisti Firəngiz Əlizadənin əsəri ifa edilib

Nyu-Yorkda musiqi festivalında Xalq artisti Firəngiz Əlizadənin əsəri ifa edilib

12.09.2018, 01:54 | 7 dəfə oxunulub. 12 14 16 18

Nyu-Yorkun məşhur Müasir İncəsənət Muzeyində (“MoMA”) ənənəvi “Summergarden” Musiqi Festivalı keçirilir. Muzeyin heykəllərlə bəzədilən bağında, açıq havada klassik və caz konsertləri təşkil edilir. “Nyu-Yorkda yeni musiqi” şüarı altında keçirilən hər konsertdə müasir musiqi janrında yeni premyeralar təqdim olunur.
Bəstəkarlar İttifaqından qafqazmedia.az-a bildirilib ki, budəfəki festivalda “Ansoniya” kvarteti Azərbaycanın Xalq artisti Firəngiz Əlizadənin “Oazis” simli kvartetini ifa edib. Əsər konsert iştirakçılarının böyük rəğbətini qazanaraq alqışlarla müşayiət olunub.
Konsertdə, həmçinin amerikalı bəstəkar Con Vulrixin, çinli Ley Lyanın, o cümlədən Latın Amerikasının müasir musiqi janrının görkəmli nümayəndəsi, venesuelalı bəstəkar Pol Desenin əsərləri də festival iştirakçılarına təqdim olunub.
Festivalın bukletində Xalq artisti Firəngiz Əlizadənin həyat və yaradıcılığı, o cümlədən “Oazis” əsəri haqqında geniş məlumat verilib. Həmçinin “New-York-MoMA” qəzetində də F.Əlizadənin “Oazis” simli-kvarteti barədə böyük məqalə dərc edilib. Məqalədə deyilir: “Firəngiz Əlizadə kimi görkəmli bəstəkarın yaradıcılığı Hillari Hahn, Yo-Yo Ma kimi meqa-ulduzlar, “Berliner Philharmoniker” və “Royal Concertgebouw Orkestr” kimi dünyanın məşhur musiqi kollektivlərinin repertuarlarında öz əksini tapıb. Sevindirici haldır ki, Azərbaycan bəstəkarının musiqisinə - Şərq və Qərbin sintezini təcəssüm etdirən parlaq və qeyri-adi musiqilər dünyasına müraciət edən gənc musiqiçilər ildən-ilə çoxalır”.
Qeyd edək ki, Coel Saksın rəhbərlik etdiyi dünyanın məşhur musiqi məktəbi olan “Julliard-school”un ən istedadlı məzunları müxtəlif ansambllara cəlb olunurlar. “Julliard” ansamblının məzunlarından olan, bir sıra beynəlxalq müsabiqələrin laureatları Sumire Hirotsuru, Bunqçan Li (skripkalar), Yoselin Pan (alt), İzabel Kvondan (violonçel) “Ansoniya” kvarteti yaradıblar. Bu kvartet əsasən müasir musiqinin ən məşhur nümayəndələrinin böyük dinləyici sevgisini qazanmış əsərlərini öz repertuarlarına daxil edir. Sevindirici məqamdır ki, “Ansoniya” kvarteti hazırda “Oazis” kvartetinin də daxil edildiyi repertuarla ABŞ-ın müxtəlif şəhərlərində konsertlərlə çıxış edir.
Məlumat üçün bildirək ki, 1998-ci ildə bəstələnən və ilk dəfə Qlazqo şəhərində səsləndirilmiş “Oazis” əsəri San-Fransiskonun “Kronos” kvartetinin (ABŞ) sifarişi ilə yazılıb və dünyanın müxtəlif mötəbər salonlarında uğurla ifa olunub.


Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın