Azərbaycan Prezidentinin oğlu Heydər Əliyevin hərbi xidmətə başlaması beynəlxalq mətbuatın diqqət mərkəzində

Azərbaycan Prezidentinin oğlu Heydər Əliyevin hərbi xidmətə başlaması beynəlxalq mətbuatın diqqət mərkəzində

18.09.2018, 13:44 | 87 dəfə oxunulub. 12 14 16 18
Azərbaycan Prezidentinin oğlu Heydər Əliyevin hərbi xidmətə başlaması beynəlxalq mətbuatın diqqət mərkəzində
Azərbaycan Prezidentinin oğlu Heydər Əliyevin hərbi xidmətə başlaması beynəlxalq mətbuatın diqqət mərkəzində
Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin oğlu - ulu öndər Heydər Əliyevin adını daşıyan nəvə Heydər Əliyevin hərbi xidmətə başlaması və gənc əsgər kimi hərbi andiçməsi dünya mətbuatının əsas mövzularından birinə çevrilib.

Böyük Britaniyanın Britiş Brodkastinq Korpereyşininə daxil olan BBC və BBC Monitorinq kimi tanımış beynəlxalq media qurumları - “Azeri president's son conscripted to army” – [Azərbaycan prezidentinin oğlu orduya çağırılıb] başlıqlı məlumat yayıblar.

BBC Monitorinq tərəfindən təqdim edilən analitik yazıda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimindən bəhs olunur. Xüsusilə, əsas diqqət and içən gənc əsgərlər sırasında Azərbaycan Prezidentinin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyevə yönəldilir. Qeyd olunur ki, 1997-ci ildə anadan olan Heydər Əliyev 2018-ci ilin may ayında universiteti Bakıda bitirib. Ölkə Prezidenti cənab İlham Əliyevin ailə üzvləri ilə birgə hərbi andiçmə mərasimində iştirak etməsi xüsusi qeyd edilib.

Dağlıq Qarabağ münaqişəsinə görə müharibə şəraitində yaşayan Cənubu Qafqazın iki ölkəsinə - Ermənistan və Azərbaycana diqqəti çəkən yazıda Azərbaycan Prezidentinin oğlunun həqiqi hərbi xidmət keçməsi maraqla qarşılanıb və bəzi müqayisələr də aparılıb.

Ermənistanın yeni seçilmiş Baş naziri Nikol Paşinyanın Azərbaycanla “söz davası”na çıxmasını önə çəkən BBC Monitorinq - gənc əsgər Heydər Əliyevin hərbi xidməti ilə bağlı Ermənistan hökümət başçısının səsləndirdiyi fikirlərin Azərbaycan tərəfindən cavabsız qalmadığını önə çəkib. Belə ki, xarici media qurumu Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi Azər Qasımovun Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı səsləndirdiyi cəfəng bəyanatının şərhinə də yer verib. BBC Monitorinq rəsmi Bakının “Paşinyanın Azərbaycanın daxili işlərinə burnunu soxmaması məsləhəti”ni xüsusi qeyd edib. Ümumiyyətlə, Paşinyanın oğlunun hərbi xidməti ilə bağlı aparılan ucuz təbliğat növbəti populist və aşağı keyfiyyətli şou kimi əks edilib. Beləliklə, Azər Qasımovun Paşinyanın necə şoumen olması bizə-Azərbaycana yaxşı bəllidir fikirləri xüsusi vurğulanıb. BBC Monitorinq əlavə edir ki, rəsmi Bakı hesab edir ki, Paşinyanın yeni diktatura rejimi Ermənistanı uçuruma aparır. Məhz buna görə də Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır. Sözü gedən media qurumu Azər Qasımovun aşağıdakı fikirləri ilə analitik yazını yekunlaşdırır: “Bildirmək istəyirik ki, Heydər Əliyev öz fiziki keyfiyyətlərinə və hazırlığına görə Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birinə hərbi xidmətə çağırılıb və sentyabrın 16-da keçirilən andiçmə mərasimi bu hərbi hissənin Azərbaycanın Silahlı Qüvvələrinin aparıcı hissələrinin biri olduğunu nümayiş etdirdi. Paşinyanın oğluna gəldikdə isə, bizdə olan məlumata görə o təmas xəttindən təxminən 50 km məsafədə Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunda Ermənistanın hərbi hissələrinin birinə yazılıb və burada əsasən məişət məsələləri ilə məşğuldur”, sitatın sonu.

BBC Monitorinq tərəfindən 17 senytabrda dərc edilən yuxarıda bəhs etdiyim analitik yazı ilə bağlı özümün bəzi fikirlərimi də bildirmək istəyirəm.

Mənim mənsub olduğum nəsil – dünyaya 80-ci illərdə gələnlər üçün ümummili lider Heydər Əliyev və onun övladları, nəvə və nəticələri ailə üzvü qədər əziz və doğmadır. Çünki bizim nəsil həmişə Azərbaycanın müstəqilliyinə inamla baxıb və xoş gələcəyinə inanıb. Daha dəqiq ifadə etsək, müstəqilliyimizi itirilmək təhlükəsindən dəfələrlə xilas edən ulu öndər, uşaqlıq illərimizin babası - Heydər Əliyev bizi inandırıb ki, Azərbaycan gəncliyi azad, demokratik, firavan və zəngin bir ölkədə yaşayacaq. O, Azərbaycanın dövlət müstəqilliyinin əbədi, daimi və dönməz olması üçün gənc nəslin müstəqillik fəlsəfəsini mənimsəməsi daha yaxşı şəraitdə yaşaması və təhsil alması üçün diqqət və qayğı göstərib. Mən özüm də Əliyev siyasətinin diqqət və qayğısını öz üzərində hiss edən, 1988-ci ildə tarixi Azərbaycan torpaqlarından mənfur ermənilər tərəfindən deportasiya edilən və həmin vaxtdan bəri Naxçıvanda məskunlaşan bir ailənin övladı kimi 1997-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığı və muxtar respublika rəhbərliyinin qayğısı ilə dövlət tərəfindən mənzillə təmin olunmuşam. Xatırlayıram ki, 1997-ci il iyulun sonu avqustun əvvəllərində dövlət tərəfindən mənə mənzil veriləndə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova xüsusi təşəkkürümü bildirərkən ulu öndərin yenicə dünyaya gəlmiş nəvəsinin anadan olması münasibətilə bağlı təbrikimi dahi lider Heydər Əliyevə çatırmağı xahiş etmişdim. İndi həmin hadisədən 21 il vaxt keçib, mən artıq məktəbli deyil, Heydər Əliyev siyasətinin qoruduğu müstəqil Azərbaycanın ali təhsilli ziyalısına çevrilmişəm. Balaca Heydər Əliyev də artıq yenicə dünyaya gəlmiş körpə deyil. O da ölkəmizdə ən yüksək ali təhsil alıb və hər bir Azərbaycan vətəndaşı kimi Vətən qarşısında öz xidməti borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. İllər ötsə də, dəyişən və inkişaf edən gerçək dünyada dəyişməyən, yenə də çirkin, işğalçı, ədalətsiz erməni xislətidir. Belə ki, işğalçı ölkənin Baş naziri Nikol Paşinyan da öz sələfləri kimi çirkin erməni xislətindən əl çəkmir və Azərbaycanın beynəlxalq hüquq normalarına cavab verən sülh siyasətini dəstəkləmir. Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək əvəzinə, Azərbaycan gəncliyini, onun əsgərini, xüsusilə gənc Heydər Əliyevi hədəfə alıb. Medianın mənə verdiyi imkandan istifadə edərək Ermənistanın Baş naziri Nikol Paşinyana və özünü beynəlxalq aləmdə “sülhsevər xanım” kimi göstərən onun jurnalist olan həyat yoldaşına belə bir sualla müraciət etmək istəyirəm: “Dünya ədəbiyyatı-Amerika ədəbiyyatı üzrə bir tədqiqatçı kimi xarici ölkələrə beynəlxalq konfranslara dəvət olunanda müxtəlif anket məlumatları doldurarkən həmişə bir sualla rastlaşıram. Məndən soruşulur ki, siz nəyə görə milliyətinizi azərbaycanlı (nationality: Azerbaijan), doğulduğunuz yeri Ermənistan (place of birth: Armenia) gostərirsiniz? Əlbəttə, bütün bu kimi sualları cavablandırmaq mənim vaxtımı alır və qısa verilmiş sualla, tarixi nöqteyi-nəzərdən yanaşaraq cavab vermək məcburiyyətində qalıram. Beləliklə, bu kiçik - məzmunca daha dərin tarixi və siyasi məna kəsb edən suala cavab verərkən yazıram ki, sizin tanıdığınız Ermənistan dövləti mənim ulu əcdadlarımın dağıdılmış evləri, məzarlıqları məhv edilmiş yurd yerlərinin üzərində qurulub. Mən bu gün Ermənistan adlandırılan ərazidə doğulan azərbaycanlıyam, amma təəssüf ki, oraya getmək istəsəm də ermənilər icazə verməzlər, hətta 1-2 günlük konfransa belə. Çünki mən azərbaycanlıyam və erməniləri bizi öz evimizdən, doğma el-obamızdan 1988-ci ilin dekabrında, bir qış günündə məcburi şəkildə qovublar. Mən və ailəm öz tarixi vətənimizdə yaşamaq hüququmuzdan mərhum edilmişik. Rəvanqulu xanın əsasını qoyduğu, yurd saldığı Rəvan torpağında-indiki İrəvan adlandırılan ərazidə mənim ulu babalarım yaşayıb. İndi mənə deyin, mən ulu əcdaqdlarımın məzarını ziyarət edə bilərəmmi, yaxud onların məzarlarından bir əsər-əlamət qalıbmı? Mən öz uşaqlıq xəyallarımın məkanı, tarixi vətənimə əbədi sakin kimi deyil, heç olmasa, bir qonaq kimi nə vaxt səfər edəcəm? Əlbəttə, bu suallarım cavabsız qalacaq, necə ki, neçə illərdir işğal etilmiş torpaqlarımızı tərk etmək istəməyən ermənilər bu sualımı da cavabsız qoyacaq. Ona görə də Ermənistan hakimiyyətinin heç bir haqqı və mənəvi ixtiyarı yoxdur ki, Azərbaycanın daxili işlərinə qarışsın və Ulu Heydər nəslinin davamçısı- gənc Əliyevi hədəfə alsın. Çünki bu gəncin tərcümeyi-halı, qədd-qamətli duruşu, dərin baxışı və aldığı təhsil onun yüksək intellekt sahibi, zəkalı, fiziki və mənəvi cəhətdən sağlam olduğunu göstərir. Hesab edirəm ki, düşmən ölkənin hakimiyyətdə olan mənfur liderlərinin övladları Azərbaycanın gənc və perspektivli övladı ilə müqayisə edilə bilməz! Çünki gənc Heydər Əliyev sözün bütün mənalarında güclü və qüdrətli görünür. Biz onun həyat yolunu bir kitab kimi vərəqlədikcə bu
faktı daha aydın görə bilərik. Paşinyan isə Heydər Əliyevin keçdiyi həyat yolunu nə vərəqləyə, nə də anlaya bilməz, ona görə ki, gənc Əliyevin damarlarında dövr edən təmiz Azəri türkünün qanıdır. O, ulu babalarının - Əlirza Atanın, Professor Əziz Əliyevin, dahi Heydər Əliyevin, tanımış jurnalist Nəsir İmanquliyevin və görkəmli yazıçı Mir Cəlal Paşayevin nəslinin davamçısıdır.

Belə ki, gənc Əliyev hər zaman nümunəvi olub, hərbi mərasimdə intizamlı əsgər kimi çox nümunəvi görünürdü, əslində həm Nikol Paşinyanın oğluna və bütövlükdə Ermənistan ordusunda xidmət edən əsgərlərə nümunədir - baxmayaraq ki, ordu sıralarına yenicə qoşulub. O, öz babasının adını daşıdığı kimi, həm də yolunu davam etdirir, bu, təsadüfdür, yoxsa zərurət?! Bəlkə də talenin hökmü və qismətidir. Ulu öndər Heydər Əliyev də və gənc Heydər Əliyev də-hər ikisi ordu sıralarına, Vətənə xidmətə eyni məkandan-Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissələrindən başlayıb. Gənc Heydərin uğurlu həyat yolu orta məktəb illərindən başlayıb. Hətta məktəbdə Əliyevə dərs deyən xarici müəllim onun yüksək intellektli, bilikli və mənimsəmə qabiliyyəti yüksək, savadlı və təvazökar bir şagird kimi xarakterizə etmişdir. Beləliklə, 2012-2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, 238 XI sinif məzunu qızıl medalla təltif olundu və onların adları oxuduqları məktəblərin “Şərəf kitabı”na yazıldı. Bunlar arasında Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksini bitirən yeniyetmə Əliyevin də adı var və onun adı da bu təhsil ocağının “Şərəf kitabı”na yazılıb. 2013-cü ildə ali məktəbə ikinci qrup üzrə qəbul imtahanında iştirak edən Heydər Əliyev 590 bal yığmağa müvəffəq olub. Prezidentin oğlu bu balla Azərbaycan Diplomatiya Akademiyasının Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olub. Hələ birinci kursda təhsil alarkən yerli mətbuata ilk müsahibəsini verən tələbə Heydər Əliyev Azərbaycan təhsil sisteminin üstünlüklərindən danışıb və təhsil aldığı universitetdə tədris edilən yeni təhsil metodlarının xaricdəkindən fərqlənmədiyini deyib. O, ali təhsilini Azərbaycanda başa vurub.

Əsgər Heydər Əliyevin hərbi andiçmə mərasimini televiziyadan izləyərkən və bu mərasimdən çəkilmiş fotolara rəsmi dövlət mətbuatında baxarkən bu gəncin özünə və soy kökünə məxsus əsilzadə davranışı və adını daşıdığı general babası kimi qətiyyətli və məğrur duruşu diqqətimi cəlb etdi. O, hər an Ali Baş Komandandan döyüş əmrini gözləyən igid bir əsgər kimi dərin, qətiyyətli və uzaqgörən baxışı ilə sanki düşmənin xəbis ürəyini qorxuya saldı. Əsgər Heydər Əliyevin əlini avtomatın tətiyinə qoyaraq andiçmə mərasimində çəkilmiş bir fotosu dünya media orqanları tərəfindən böyük maraqla qarşılandı. Əsgər Əliyev "Ali Baş Komandanın Azərbaycan tarixi torpaqlarını-İrəvanı da ermənilərdən azad edəcək fikrinə, “Hər an döyüşə hazıram, cənab Ali Baş Komandan!" cavabını verdi. Bəli, əsgər Heydər Əliyev və onun kimi Vətənə xidmət edən yüzlərlə Azərbaycan övladları, zabitlər, hərbi qulluqçular Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək və işğal altındakı torpaqlarımızı erməni hərbi birləşmələrindən azad edəcək. Azərbaycanının üçrəngli bayrağı nəinki Şuşada, Qarabağda, Xankəndində, hətta əsgər Əliyevin ulu əcdadlarının tarixi vətəni İrəvanda dalğalanacaq!

SÜSƏNBƏR AĞAMALIYEVA

Filologiya üzrə fəlsəfə doktoru

Xəbəri dərc etdi: Nizami Məmmədzadə
Rəy yazın