Nizami Məmmədzadə:

Nizami Məmmədzadə: "Çəkici bir zindana döyək..." (Köşə)

27.08.2018, 23:55 | 26 dəfə oxunulub. 12 14 16 18
Nizami Məmmədzadə: "Çəkici bir zindana döyək..." (Köşə)
Mətbuatda çalışan jurnalistlər xarici dili mükəmməl bilməlidir, yoxsa öz dilini? Bu suallar məni çoxdan narahat edir. Dünən hansısa sayta rəhbər olan şəxs qərar verir ki, jurnalistlər ingilis və rus dillərini bilməlidir. Bu günlərdə Məmməd Əmin Rəsulzadənin qərar və qətnamələrin və dövlətçiliyə aid rəsmi sənədlərin və digər yazıların Azərbaycan dilində yazılmasının vacibliyi haqqında fikirlərini oxudum. Yəni, o, rus dilindən imtina edib. İndi əlində imtiyazları olan bəzi sayt rəhbərləri tabesində olan jurnalistdən ingilis və rus dillərini bilməyi tələb edir. Bu, vacibdirmi?
İndi bəzi qələm sahibləri dilimizin orfoqrafiya lüğətində dəyişikliklər etməyə can atırlar. Görəsən, bu vacibdirmi? Bəzi alimlər uzun illərdir ki, tarixin ən parlaq səhifələrinə çevrilmiş dilimizə yad sözlər gətirməyə çalışırlar. Dilçi olanda nə olar ki... Sayt rəhbəri olanda adama nə zor düşür ki, mütləq jurnalist ingilis dilini bilməlidir. Görəsən, klassik yazıçılarımız öz ana dilini mükəmməl bilməsə, onların yazdıqları gözəl məzmunlu əsərlər bu günədək gəlib bizə çatardımı? Bəzi rəhbər vəzifələrdə çalışanlar öz ana dillərini kifayət qədər bilmirlər. Sayt rəhbərləri ingilis dili o yana dursun, heç rus dilini də bilmirlər. Kimə lazımdır bu dilləri bilmək?
Bir dəfə mən İstanbulda olarkən iki nəfər türk qadınından gedəcəyim ünvanı soruşdum. Onlar bir-birinə baxıb dedilər ki, “Abla, bir bax, nə gözəl qonuşur”. Onda mən öz dilimizin gözəlliyini və şirinliyini duydum və dilimizin varlığı üçün fəxr etdim. Və indi də düşünürəm ki, mənə ingilis və rus dillərini bilmək o qədər də vacib deyil. Sadəcə olaraq öz gözəl və şirin Azərbaycan dilimi-ana dilimi mükəmməl bilsəm, yetər. Mən bu dildə düşüncələrimi doğru-düzgün ifadə edə bilirəmsə, düşüncələrimi yazıramsa, bu bəsdir. Yoxsa, metroda və yaxud avtobusda farmazonluq edib ingilis və rus ifadələri ilə bir-birinə müraciət etmək kimə lazımdır?
Dövranmı dəyişib və yaxud, bizmi dəyişmişik. Ən əsası odur ki, biz mətbuatda Azərbaycan dilinin qrammatikasına və orfoqrafiyasına uygun yazmalı və yazdığımız sözləri də cəmiyyətin içində işlətməliyik. Artıq satan da satacaq, alan da alaçaq, çalğı (iki mənada işlədilən söz) isə bu qondarma sözləri süpürüb aparacaq!
Bu gün Milli Məclisdə çıxış edən Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəylinin orfoqrafiya qaydaları haqqında dediyi sözləri eşitdim: "Çox təəssüf ki, bəzi yazıçılar, jurnalistlər sosial şəbəkələrdə bu qaydalarla bağlı əsassız təkliflər verirlər. Onların yazdığı bir cümlədə 13 səhv olur”. Çox düz deyir, hörmətli akademik!
Gəlin, hələ ki, ömür-gün keçməyib öz dilimizi öyrənək və yad sözlərdən uzaq duraq. Düşünürəm ki, bu, günün vacib tələbidir. Amma, bəzi adamlar göylərdən götürdüyü və əsası olmayan tələbləri ilə ingilis və rus dillərini öyrənməyi vacib sayırlar. Öyrənin, buna sözüm yoxdur. Amma ilk növbədə, anamızın bizə çaldığı gözəl laylalarda səslənən sözləri öyrənməliyik. Bəlkə daha uşaqlarımıza, nəvələrimizə laylaları ingilis və rus dillərində çalaq. Amma, görəsən, ingilis və rus dillərində bizim ana dilimizdəki kimi gözəl laylalara paralel bizi kövrəldən və övladlarımızın yuxusuna şirinlik qatan gözəl məzmunlu sözlər varmı? Bu fikirləri sizin öhdənizə buraxıram, əziz oxucular! Bəlkə, fikirlərim düz deyil, hardasa, səhv etmişəm. Olarsa, fikirlərinizi bildirin ki, çəkici bir zindana döyək! Çəkici isə bir zindana döyməyin vaxtı çatıb!

Nizami Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti

P.S. Mənim fikirlərimi oxuyan sayt rəhbəri elə bu an məni bloka atdı!))) Mənə ev tikmək üçün blok da lazım idi!))) Amma çox sonra onun özünü də bloka atdılar!))) Yəqin ona da ev tikmək üçün blok lazım imiş!)))

Xəbəri dərc etdi: Azadə Hüseynova
Rəy yazın