Sudeyif İmamverdiyev “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüb

Sudeyif İmamverdiyev “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüb

26.06.2018, 02:42 | 119 dəfə oxunulub. 12 14 16 18

Bakıda keçirilən Azərbaycan Uroloq və Androloqlarının XII konqresində dünyanın müxtəlif ölkələrindən mütəxəssislər iştirak ediblər. Tədbirdə urologiya və andrologiya sahəsində son elmi nailiyyətlər, tibbi araşdırmalar təqdim olunub. Konqres AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Sudeyif İmamverdiyevin 80 illik yubileyinə həsr olunub.
Qafqazmedia.az xəbər verir ki, konqresi giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Avropa Uroloqlar Assosiasiyasının həqiqi üzvü olan fitri istedada malik cərrah-həkimin nefroptozun, prostat vəzinin xoşxassəli hiperplaziyasının cərrahi müalicəsində, andrologiya sahəsində yeni əməliyyatların tətbiqində qazandığı uğurlardan, görkəmli uroloqun keçdiyi həyat yolundan, tibbin bu sahəsində tətbiq etdiyi yeniliklərdən danışıb. Qeyd olunub ki, professor Sudeyif İmamverdiyev 2011-ci ildən Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür, Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının fəxri sədri, Uroloqlar Assosiasiyasının rəhbəri, Respublika Ağsaqqallar Şurasının sədr müavinidir. Bildirilib ki, S.İmamverdiyev 56 ildir ki, uroloq–cərrah kimi xalqımızın sağlamlığı keşiyində dayanıb. Yarım əsrdən artıqdır ki, həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Professor Sudeyif İmamverdiyevin rəhbərliyi ilə indiyədək 20 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə edilib. Görkəmli uroloq 13 ixtira və səmərələşdirici təklifin, 4 dərslik, 10 monoqrafiya, 5 metodik və 6 dərs vəsaitinin müəllifidir. Ölkəmizdə uro-onkologiyada yeni istiqamət olan limfoqrafiya müayinəsinin ilk dəfə aparılması onun adı ilə bağlıdır. Professor ötən əsrin 70-ci illərindən başlayaraq böyrəklərin mərcanvarı və çoxlu daşları olan xəstəliklərinin müalicəsində, habelə uro-ginekologiya sahəsində tətbiq olunan bir sıra təklif və yeni müalicə metodlarının müəllifi kimi də tanınır.
Bakı şəhər Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva, Türk Uroloji Dərnəyinin sədri, professor Alteş Kadıoğlu, 1 nömrəli Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov və başqaları çıxış edərək həkim-cərrahı təbrik ediblər.
Tanınmış cərrah-uroloq Tük Uroloji Dərnəyinə fəxri üzv qəbul olunub.
Tədbirdə çıxış edən “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli yubilyarı təbrik edib, jurnalın Redaksiya Şurasının qərarı ilə Azərbaycanda elm, təhsil, səhiyyə sahələrinin inkişafına mühüm töhfələr təşkil edən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, səhiyyə elminə verdiyi dəyərli töhfələrə və dövlətçiliyin inkişafında müstəsna xidmətlərinə görə Sudeyif Bəşir oğlu İmamverdiyevə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın Qüruru” Qızıl Ordenini təqdim edib.
Professor Sudeyif İmamverdiyev əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə, onun zəhmətini yüksək qiymətləndirən həmkarlarına, “Azərbaycanım” beynəlxalq jurnalının kollektivinə və konqres iştirakçılarına təşəkkürünü bildirib.
Sonra görkəmli uroloqun həyat yolundan bəhs edən “İnsanlığın sağlamlığında duran ömür" filmi nümayiş olunub.
Konqresdə iştirak edən elm adamları, xarici ölkələri təmsil edən ziyalılar və başqaları ayrı-ayrı uroloji problemlər, onların sağaldılması yolları, cərrahi əməliyyatlarda tətbiq edilən ən müasir üsullar barədə məruzələrlə çıxış ediblər.


Xəbəri dərc etdi: Taleh Hüseynov
Rəy yazın