Samid Quliyev:  “Sən orucu yox, oruc səni tutsun gərək.”

Samid Quliyev: “Sən orucu yox, oruc səni tutsun gərək.”

25.05.2018, 02:00 | 910 dəfə oxunulub. 12 14 16 18
Bismilləhir-rahmənir-rahim.

Quran və hədislərə görə Oruc.

Qəməri təqviminin doqquzuncu ayı olan Ramazan ayında oruc tutmaq müsəlmanlara vacibdir. Rəhmət, bərəkət və məğfirət dolu ən fəzilətli ay olmaqla günahları yandıran, yox edən aydır. Ramazan ərəb dilində “رمض (r-m-d)” (ramada) sözündən götürülmüş [Tarixi Məsudi, c. 2, s. 189], Azərbaycan dilində “şiddətli istilik”, “yandırıcı hərarət” və “yandırmaq” mənasını verir.
Qurani-Kərimin ayələrində təsbit olunduğu kimi müqəddəs kitab məhz bu ayın gecələrindən biri olan Qədr gecəsində nazil olmuşdur. Bu ayın ən əhəmiyyətli ibadətləri oruc tutmaq, Quran tilavət etmək, Qədr gecələrini əhya etmək (gecəni yatmadan ibadətlə keçirmək), dua, istiğfar, iftar (yeməyi) vermək, yoxsullara kömək etmək və başqa xeyirxah əməllərdir.
Bu ay müsəlmanlar arasında xüsusi bir mövqeyə malikdir. Ramazan ibadət ayıdır. İnanclılar ramazan ayının mənəvi bərəkət və gözəlliklərindən daha çox istifadə etmək üçün rəcəb və şəban aylarında mənəvi hazırlıqlara başlayırlar.
Oruc İslamın əhəmiyyətli ibadətlərindən və bu dinin əsas düsturlarından olub namazdan sonra ən fəzilətli dini ayin növüdür. Bu mənada insanın səhər azanından axşam azanına qədər yemək və içməkdən kəsilmək kimi bəzi işlərdən Allahın buyurduğu şəkildə davranmasından ibarətdir. Əsas məqsəd isə göstərilən vaxtda qadağan olunmuş əməllərdən çəkinmək yox, ixlasla Allaha doğru getməkdir. Belə ki, normal sağlamlığı olan insan üçün oruc tutmaq çətin deyildir, oruc insanı tutub günahlardan saxlamalıdır.
Bu əməl insanı Allaha yaxınlaşmağa, təqvalı olmağa dəvət edir. Oruc təqvanın daha üstün mərtəbələrinə çatmaq, bədəni təmizləmək, bir sıra mənəvi dəyərləri dərk etmək, iradənin güclənməsi və ehtiyac sahibi olan kasıblara qarşı daha şəfqətli olmağı təmin edir.
Ramazan ayının orucu İslamın təməl ünsürlərindən biri sayılmaqla yetkinlik yaşına çatmış (həddi buluğ), ağıllı və sağlamlığı yerində olan hər bir müsəlmana vacibdir. Ramazan orucunun əmr edilməsi hicrətin ikinci ili şəban ayında Mədinə şəhərində Bəqərə surəsinin 183-cü ayəsinin nazil olmasıyla başlamışdır.
Vacib ramazan orucundan əlavə olaraq ilin digər günlərində də müstəhəb orucun tutulması tövsiyyə edilir.
Ramazan sözü Quranda bir dəfə keçmiş və həmin ayədə də Ramazan ayı nəzərdə tutulmuşdur. Bu ay Quranda adı açıq şəkildə keçən və dəyər verilən tək aydır: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir...” [Bəqərə,185]
Quranda 14 surədə oruc kəlməsi zikr edilmişdir. Ramazan ayında oruc tutma əmri və onunla əlaqədar hökmlərin çoxu, Bəqərə surəsinin 183-cü ayəsindən 185-ci ayəsinə qədər və 187-ci ayəsində gəlmişdir.
Qurana görə oruc:
İslamın 10 əsas sütunundan ikincisidir. [Təfsiri Qummi, c. 1, s. 46]
Qədr gecəsi bu aydadır [Qədr,1]
Hikmət və mənəvi yaxınlıqdır. [Biharül-Ənvar, c. 93, s. 255, h. 33.]
Zənginlər və yoxsullar arasında bərabərlikdir. [Nəhcül-Fəsahə, s. 547, h. 1854.]
Ən böyük cihaddır. [Misbahüş-Şəriət, s. 135]
Bədənin zəkatıdır. [Əmaliyi Şeyx Tusi, s. 296, h. 582.]
Qiyamət günü xatırladır. [Minhacül-Bəraə, c. 7, s. 426]
Dua ayıdır. [Təsnif Gürərül-Hikəm və Dürərül-Kəlim, s. 176, h. 3363.]
Sağlamlıqdır. [Biharül-Ənvar, c. 55, s. 341]
Yaddaşın möhkəmləndirilməsi və gücləndirilməsinə kömək edir. [Biharül-Ənvar, c. 93, s. 370]
Şeytanın zəncirləndiyi aydır. [Tabatabai, c. 3, s. 662.]
İlahi ziyafətdir. [Vəsailüş-Şia, Bab, 16, h. 13252-13253.]
Bu ayın əzəmət və böyüklüyü haqqında çox sayda hədis nəql edilmişdir. Hədislərə görə oruc:
Allah Təalanın adlarından biridir. [Mizanül-Hikmət, h. 7442.]
Əgər dəyəri bilinsə insan, bütün ili oruc tutmağı arzu edər. [Biharül-Ənvar, c. 93, s. 346]
Əgər qul o ayda bağışlanmazsa, başqa aylarda bağışlanma ümidi yoxdur. [Mizanül-Hikmət, h. 7461]
Səmavi kitabların nazil olduğu aydır. [Əl-Kafi, c. 2, s. 628]
Allahın ayıdır. [Vəsailüş-Şia, c. 7, s. 266, h. 23.]
İlahi rəhmət və bağışlanma ayıdır. [Biharül-Ənvar, c. 93, s. 342]
Göylərin qapılarının açıldığı aydır. [Biharül-Ənvar, c. 96, s. 344.]
Savabların iki qatına çıxdığı aydır. [Biharül-Ənvar, c. 93, s. 340.]
Quranın baharıdır. [Əl-Kafi, c. 2, s. 630]

Dünyanın dörd bir yanında milyonlarla müsəlmanın Allaha dua etdiyi ayda istəyimiz budur ki, Allah-təala xalqımıza xoş güzəran, elimizə-obamıza əmniyyət, evimizə halal ruzi gətirsin.
Ramazan ayı üzərmizə bərəkətli olsun. İnşallah!

Samid Quliyev

Xəbəri dərc etdi: QafqazMedia.az
Rəy yazın