Bz. İyn 20th, 2021

Hər şəhid məzarı sirli Kəbədi

Vətənin azadlığı uğrunda canını qəhrəmancasına fəda etmiş, aprel döyüşlərində şəhid olan əsgərlərimizin unudulmaz xatirəsinə ithaf edirəm!

Vətəndən, yurdundan çox uzun illər,
Didərgin düşübdür yuvasız ellər.
Bu dərdə dözməyən cəsur oğullar,
Düşmənin yerini eylədilər dar.
Yaz çağı, aprelin ilk günlərində,
Susdurdu düşməni dərhal yerində.
Bu vətən uğrunda verdilər canı,
Bu ellər unutmaz Təbriz, Urfanı!
Elnurun, Bəkirin canfəşanlığı,
Elvinin, Orxanın qəhrəmanlığı,
Gələn nəsillərə nümunə oldu,
Bu yol Allah yolu, müqəddəs yoldu.
İgid ərənlərin arzusu birdi,
Hər biri bu yolda qoşa gedirdi.
Torpağımda qan-qan deyən erməni,
Bildi, necə sevən var bu vətəni.
Vüqar kimi igid, cəsur qəhrəman,
Qoymadı düşməni yaxına bir an.
Vətənçün sinəni sipər eylədi,
Bu vətən bölünməz heç vaxt, söylədi.
Bu vətənin neçə-neçə mərdini,
İtirdik, yaşadıq şəhid dərdini.
Şəhidlik zirvəsi qaldı əbədi,
Hər şəhid məzarı sirli Kəbədi.
Şəhidlik hər kəsin deyil hünəri,
Alına yazılıb əzəldən bəri.
Vətən sevgisindən ilham alanlar,
Azadlıq naminə şəhid olanlar,
Sarsılmaz qeyrəti, ər hünəriylə,
Xalqa xoş müjdəsi, xoş zəfəriylə,
Hər an gözümüzdə ucalacaqdır,
Sevən ürəklərdə yaşayacaqdır!!!

Ziba Hüseynova

  1. 2018

ŞƏHİD BALASIYLA FƏXR EDİR ANA

Silaha sarıldı, Vətən eşqiylə,
Döyüşə yollandı igid Ələddin.
Qəhrəman, mərd, cəsur oğlum var-deyə,
Öyündü hər zaman-Ata Vəlyəddin.

Birinci Qarabağ – haqq savaşında,
Düşmənin başına od ələyirdi.
Cəsur Ələddinin hər zərbəsindən,
Düşmənlər yarımcan səndələyirdi.

Bir gün xəbər gəldi, yayıldı kəndə,
Dedilər, ,, Ələddin itkin düşübdür.”
Hamı ümid oldu, tapılacaqdır,
Çünki, kişi kimi o, döyüşübdür.

Vəlyəddin atanın gözləri yolda,
Günbəgün könlünü qəm-qüssə aldı.
Atam soruşardı: ,, Ay xala oğlu,
Bu uşaq gəlmədi, harada qaldı?”

İllər keçdi, Ələddindən bir soraq,
Sevincli , şad xəbər verən olmadı.
Arayıb nə qədər axtarsalar da,
Ölübmü, qalıbmı? Görən olmadı.

Qardaş itkisinə qəlbi dözmədi,
Köçdü bu dünyadan Aydın qardaşı.
İki qardaş yoxluğuna yoldu saç,
Maral bacısının axdı göz yaşı.

İllər bir-birini əvəz eylədi,
Böyüdü, boy atdı Maralın oğlu.
Dayı qisasını almaqdan ötrü,
Yollandı birbaşa, cəbhəyə doğru.

İkinci Qarabağ döyüşlərində,
Sonadək vuruşdu qəhrəman Vüqar.
Yerində gəbərtdi, vurub öldürdü,
Vermədi düşmənə, heç aman- Vüqar.

Qardaş dərdi ilə, həsrəti ilə,
Olsa da, ürəyi hər an yanası…
Dayı qisasını alan oğulla,
Hər an öyünürdü Maral anası.

Bir gün acı xəbər döydü qapını,
Vüqarın şəhidlik xəbəri gəldi.
Qardaşın dərdini unutdu sanki,
Bu həsrət qəlbini ox kimi dəldi.

Çökdü gözlərinə, bu an qaranlıq,
Günəşli gündüzü zülmətə döndü,
Tək oğul böyütdü, o, şəhid oldu,
Bir evin çırağı, bax, belə söndü.

Sağalmaz yaranı unuda bilmir,
Oturub ah çəkir yenə dərindən.
Özünə təsəlli verməkçün alır,
Oğlunun ətrini- nəvələrindən.

Şəhid övladının bir qızı, oğlu,
Ona balasından yadigar qalıb.
Vüqarı vədəsiz itirən gündən,
Nənə öz meylini nəvəyə salıb.

Qəlbini üzsə də, bu sıxıntılar,
Şəhid balasıyla fəxr edir ana.
Deyir ki: ,,Yaşayır, ölməyib oğlum,
Layiqdir hər ada, şöhrətə, şana!”

03.04.2021

Ziba Sevindik

VARDIR NEÇƏ ŞƏHİDİN

Doğma, əziz diyarım,
Yurdum, oylağım mənim.
Seyrindən doymuram mən,
Gözəl Yevlaxım mənim.

Bayatı, dastan dolu,
Nənələrin sinəsi.
Ağsaqqlıq rəmzidir,
Kəndim Qoyunbinəsi.

Hər oğulu Mubariz,
Vətən üçün yanandı.
Özünü bu Vətənin,
Ər övladı sanandı.

Vardır, neçə şəhidin,
Həm də itkin düşənin.
Güllə yağışı altda,
Alovlarda bişənin.

Ələddintək oğulun,
İllərdir itkin düşüb.
Tapılmayır, o vaxtdan,
Gör neçə il ötüşüb.

Yolub öz saçlarını,
Hər gün Sarıtel Ana.
,,Oğul!”, deyə səslədi,
Ürəyi yana-yana !

Vəlyəddin atanın da,
Qurumadı göz yaşı.
Dözmədi bu itkiyə,
Əziz Aydın qardaşı .

Bacısı Heyran, Maral,
Ceyran fəryad qopardı.
Gözlərinin nurunu,
Qanlı yaşlar apardı.

Üzür bu acı xəbər,
Bütün dostu, sirdaşı.
Ələddini gözləyir,
Hamı hər addımbaşı !!

22.02.2020

Ziba Sevindik

MƏZARINA QURBAN OLUM, ŞƏHİDİM

Torpaq üçün öz qanından keçirsən,
Torpaq sənə qucaq açır, əsgərim.
Vətən səni qucağında bəsləyir,
Ruhun göydə işıq saçır, əsgərim.

Anaların ərşə qalxır naləsi,
Göz yaşları üzdən axır sel kimi.
Qardaşsız bacının göz yaşlarından,
Məzarınız əlvan geyər gül kimi.

Hər gün yeni şəhid verir bu Vətən,
Yüz doğulur bir şəhidin yerində.
Məzarına qurban olum, Şəhidim,
Sənsən mənim ocağım da, pirim də,

Sən rahat yat məzarında, Şəhidim,
Qisasını yerdə qoymaz ərənlər.
Ölməzliyə qovuşacaq həmişə,
Öz canını bu torpaqçün verənlər.

15.07.2020

Ziba Sevindik

ŞƏHİDİM MƏNİM

                   Əziz   əmim   nəvəsi,  Vətən   uğrunda   döyüşlərdə   qəhrəmancasına  şəhid  olmuş,    Abışov  Fərid  Əlfaim  oğlunun   əziz  xatirəsinə.

Vətən arxasında dağ kimi durdun,
Düşmənə ən ağır zərbəni vurdun.
Adınla ucaldı Müzəffər Ordum,
Var ol, qəhrəmanım, Fəridim mənim!
Xalqımın qüruru, Şəhidim mənim !

Vətən harayladı, yetdin hayına,
Qoymadın düşməni gözdən yayına.
Vuruşdun, şəhidlik düşdü payına,
Yerin zirvələrdir, igidim mənim,
Xalqımın qüruru, şəhidim mənim!

Sevimli bəndəsi sənsən- Allahın,
Səninlə nurlanır gələn sabahım.
Qisasın alındı, sevinsin ruhun,
Var ol, qəhrəmanım, Fəridim mənim!
Xalqımın qüruru, Şəhidim mənim !

19.11.2020

Ziba Sevindik

DÜŞÜBDÜR DİLLƏRƏ ŞÖHRƏTİN, ŞANIN

Minlərlə şəhid qardaşlarımızın şəklini təmənnasız olaraq, xalça üzərində həkk edən, həmin xalçaları şəhid ailələrinə hədiyyə kimi göndərən, xeyirxah insan Əhməd Naxçıvanlıya xoş arzularla.

A dostlar, sözümü dinləyin bir az,
Bir gözəl insandan danışım sizə.
Xeyirxah işləri könül açandır,
Hər gözəl əməli ruh verir bizə.

Halaldan yoğrulub onun mayası,
Damardan süzülən qanı təmizdir.
Yediyi çörəyi , içdiyi suyu,
Halal süfrəsində dadlı, ləzizdir.

Dediyim insanın adı Əhməddir,
Adına deyirlər: ,,Xalçaçı Əhməd.”
Çox gözəl işlərə qarışıb başı,
Bəllidir, xalq üçün çəkdiyi zəhmət.

Minlərlə şəhidin ölməz ruhunu,
Xalça üzərində həkk eyləyibdir.
İnsanlıq borcunu, vəzifəsini,
Anlayıb, həmişə dərk eyləyibdir.

Hər şəhid şəklinə vurduğu naxış,
Xalçanı daha da zinətləndirir.
Görənlər işindən çox razı qalır,
Onun əməyini qiymətləndirir.

Şəhid oğulların şəkillərini,
Şəhid analara sovqat göndərir.
Şəhidlər heç zaman ölməzdir- deyə,
Onların qəlbini dağa döndərir.

Gör ,daha nələr var, xalça evində,
Şəklini görürəm Ulu Öndərin.
Al-əlvan naxışla bəzədilmişdir,
Gül açıb sağıyla, solu Öndərin.

Yanında varisi- Cənab Prezident,
Dayanıb vüqarla, ər oğlu İlham.
Baxıram, yenilməz sərkərdəmizə,
Könlüm dilə gəlir, alıram ilham.

Əhməd Naxçıvanlı, min alqış sənə,
Düşübdür dillərə şöhrətin, şanın.
Əlinlə ucalır, dalğalanır hey,
Üçrəngli bayrağı Azərbaycanın.

Vətənçün, xalq üçün yaradıb- quran,
Heç vaxt yorulmayan əllər var olsun!
Bu kiçik şeir də Əhməd qardaşa,
Ziba Sevindikdən yadigar olsun!

12.04.2021

Ziba Sevindik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir